BAZAR

25 Aprel

Çinin Azərbaycandakı səfiri SOCAR-ın Bakı Ali Neft Məktəbində - FOTO

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qo Min SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

Fins.az xəbər verir ki, rektor Elmar Qasımov öncə Bakı Ali Neft Məktəbinin kampusunu gəzən səfirə burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verib. Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbinin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışırlar. Bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 31-i Bakı Ali Neft Məktəbinin tələbəsidir. Elmar Qasımov rəhbərlik etdiyi Ali Məktəbin tələbələrinin transmilli neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçdiyini vurğulayıb. Bildirib ki, bu da onların ingilisdilli peşəkar kadrlar kimi yetişməsində xüsusi rol oynayır.

Elmar Qasımov BANM-in Çindəki ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Səfir BANM ilə ölkəsinin ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkişafından bəhs edib. O, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinin vacibliyinə toxunub. Səfir Çin Neft Universiteti  (China University of Petroleum - Beijing) ilə BANM arasında əməkdaşlığın perspektivlərindən bəhs edib.

Çinli diplomat Bakı Ali Neft Məktəbində yaradılan şəraiti yüksək qiymətləndirib. Görüşdə həmçinin birgə əməkdaşlıq, tələbələrin və professor-müəllim heyətinin mübadiləsi müzakirə olunub, qısa zamanda real işlərə başlanmasına qərar verilib.