BAZAR

19 Aprel

Bakı Ali Neft Məktəbi ilə “PAŞA Sığorta” arasında Memorandum imzalanıb - FOTO

SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) ilə “PAŞA Sığorta” ASC arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi BANM-in rektoru Elmar Qasımov və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova imzalayıb.

Fins.az xəbər verir ki, memorandum şirkət tərəfindən müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, tələbələr üçün istehsalat və ya könüllü təcrübə proqramlarının təşkil edilməsi, şirkətin əməkdaşlarının BANM-də qonaq spiker qismində çıxış etməsi, habelə zərurət olduqda onların tədris fəaliyyətinə cəlb edilməsi və digər məsələləri nəzərdə tutur.

İmzalanma mərasimində çıxış edən rektor Elmar Qasımov qeyd edib ki, Azərbaycanın sığorta xidmətləri bazarının liderlərindən olan “PAŞA Sığorta” şirkəti ilə BANM arasında 10 ilə yaxındır uğurlu əməkdaşlıq həyata keçirilir. Rektor vurğulayıb ki, imzalanan sənəd əməkdaşlığın yeni istiqamətinin təməlini qoyur və tələbələrin peşəkar inkişafına, onların şirkətdə istehsalat təcrübəsi keçməsinə, peşəkar mütəxəssislərin bilik və təcrübələrindən faydalanmasına xidmət edir.

 “PAŞA Sığorta”nın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova rəhbərlik etdiyi şirkət haqqında məlumat verərək, əməkdaşlığın yeni istiqamətinin faydalı olacağına, tərəfdaşlığa töhfə verəcəyinə əminliyini bildirib. Şirkət rəhbəri tələbələrlə bilik və təcrübələrini bölüşəcəklərini, keçiriləcək istehsalat təcrübəsinin onlara yararlı olacağını vurğulayıb.