BAZAR

18 Aprel

Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin şagirdləri Bakı Ali Neft Məktəbində- FOTO

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin rəhbərliyi və yuxarı sinif şagirdləri ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşün Ali Məktəblə Kompleks arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində reallaşdığını qeyd edən rektor onları BANM-də görməkdən məmnunluğunu bildirib: “Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi Azərbaycanın qürur yeridir. Burada təhsil almaq şərəfli, eyni zamanda məsuliyyətlidir. Gələcəkdə seçəcəyiniz ixtisasda, peşədə və həyatınızda bu adı layiqincə qoruyub saxlayacağınıza inanırıq. BANM-in tələbələri sizin kimi yüksək bilik, savad və intellektə malik şagirdlər olublar. Sizin də gələcəkdə BANM-in tələbəsi adını qazanmanız bizi sevindirər”.

BANM-in SOCAR-ın strukturunda yaradıldığını xatırladan Elmar Qasımov burada ingilisdilli peşəkar kadrlar yetişdirildiyini qeyd edib. O bildirib ki, bu Ali Məktəbin tələbə və məzunları ölkəmizin ən dəyərli insan kapitalları arasındadır.

Kompleksin İcraçı direktoru Aqşin Bağırov qarşılanma və qonaqpərvərliyə görə təşəkkür edib. O, BANM-lə əməkdaşlığın Kompleksin fəaliyyətinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.  

Görüşdə həmçinin BANM-in ixtisasları və keçid balları, tədris prosesi, fəaliyyət istiqamətləri, illər üzrə ümumi statistik göstəriciləri, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübə proqramları, seminarlar barədə ətraflı məlumatlar verilib.

Sonra Kompleksin kollektivi kampusla tanış olub.