MARKETİNQ

16 Dekabr

Avropa Birliyi mobil cihazlarda vahid USB Type-C girişinin reallaşdırılması tarixini elan edib

Avropa Birliyi öz regionunda satılan bütün mobil cihazların vahid şarj girişi ilə təchiz olunmaları məsələsində konkret zaman təyin edib. Təyin edilmiş zamanın bitməsindən sonra istehsalçılar öz cihazlarını məcbur şəkildə vahid şarj girişi ilə təchiz etməli olacaqlar. Qeyd etmək lazımdır ki, bir neçə ay bundan öncə Avropa Birliyi bu məsələ ilə bağlı yeni qanunu qəbul etmişdi. Qəbul edilmiş qanuna əsasən istehsalçılar öz cihazlarını vahid şarj girişi ilə təchiz etməlidirlər. Söhbət, USB Type-C girişindən gedir. Bu qanun həmçinin Apple şirkətinə də aiddir.

Beləliklə istehsalçıların 28 dekabr 2024-cü il tarixinə kimi zamanları var. Həmin tarixdən sonra onlar öz cihazlarını USB Type-C girişi ilə təchiz etməli olacaqlar. Sözügedən zamanın təyin olunmasının əsas səbəbi ondadır ki, Avropa Birliyi öz rəsmi nəşriyyatında vahid USB Type-C girişi ilə bağlı olan qanunu artıq dərc edib. Bu isə o deməkdir ki, qanun 20 gündən sonra qüvvəyə minəcək. Daha sonra isə Avropa Birliyinə daxil olan ölkələr 24 aylıq vaxta sahib olacaqlar. Bu müddət ərzində onlar öz yerli bazarlarında sözügedən qanunu təsdiqləməlidirlər.

Bu qanun daha öncədən təsdiqlənmiş olsa da, onun tətbiqi üçün konkret zaman təyin edilməmişdi. Belə ki, Avropa Birliyi regionunda hüquqi normalar adətən mərhələli şəkildə reallaşdırılır. Avropa Birliyi tərəfindən qəbul edilmiş yeni qanun smartfonları, planşetləri, rəqəmsal kameraları, qulaqlıqları və portativ oyun konsollarını əhatə edir. Bu qanun 2026-cı ildən başlayaraq həmçinin noutbukları da əhatə edəcək. Onu da qeyd etmək lazımdır ki, qanun yalnız naqil vasitəsilə reallaşdırılan şarj texnologiyasına aiddir. Naqilsiz şarj texnologiyalarının USB Type-C-yə keçid etmələri məcburi deyil.