DÜNYA

26 Yanvar

IBM 4000 işçisini işdən çıxarır

ABŞ-ın texnologiya şirkəti IBM ümumi işçi qüvvəsinin 1,5 faizini təşkil edən 4 minə yaxın insanı ixtisar edəcəyini açıqlayıb.

Texnologiya nəhənglərinin işdən çıxarılması qərarlarına yenisi əlavə edilib.

Fins.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə IBM-in Baş Maliyyə Direktoru Ceyms Kavano ümumi işçi qüvvəsinin 1,5 faizini təşkil edən 3,900 nəfərin işdən çıxarılacağını açıqlayıb.

Gəlirlərin azalmasının ixtisarların əsas səbəbi olmadığını qeyd edən şirkət, əsas səbəbin artan xərclər və bazar şərtlərinin yavaşlaması olduğunu bildirib.

Qlobal inflyasiyanın təsiri altında 2021-ci ildən bəri IBM işçilərinin sayı təxminən 22.000 nəfər azalıb.

Qeyd edək ki, digər texnologiya şirkəti “Google” keçən həftə təxminən 12 min işçisi ilə yollarını ayıracağını və proqram təminatı nəhəngi hesab olunan “Microsoft” da 10 min işçisini ixtisar edəcəyini açıqlayıb.

Keçən ilin son rübündə IBM-in gəliri sabit qalsa da, 2022-ci ilin oktyabr-dekabr ayları üçün balans hesabatına görə, şirkətin ötən ilin 4-cü rübündə gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 16,7 milyard dollar olub.

Şirkətin 2022-ci ildəki gəliri əvvəlki ilə nisbətən 6 faiz artaraq 60,5 milyard dollar olaraq hesablanıb.

ABŞ texnologiya şirkəti 2021-ci ildə 57,4 milyard dollar gəlir əldə edib.

Fuad Mədətov
Fins.Az