QARABAĞ

16 Noyabr

Qarabağda "Yaşıl enerji" zonası və ağıllı şəhər konsepsiyalarının tətbiqi regionun dayanıqlı inkişafına böyük töhfə olacaq

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının yeni ehtiyatların və sərvətlərin iqtisadi dövriyyə cəlb edilməsi, eləcə də beynəlxalq əhəmiyyətli daha effektiv kommunikasiya xətlərinin yaradılması imkanları təkcə Azərbaycanda deyil, ümumilikdə region ölkələrində KOB sektorunun inkişafı üçün yeni imkanlar açır.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumunda deyib.

S.Məmmədov qeyd edib ki, bu bölgənin özünəməxsus təbii müqayisəli üstünlükləri ilə yanaşı, hökumətin tətbiq etdiyi imtiyaz, güzəşt və dəstək alətləri Qarabağ regionunu bizneslər üçün daha cəlbedici edəcək:

"Qarabağ bölgəsi nəqliyyat-tranzit, bərpa olunan enerji, kənd təsərrüfatı, sənaye, dağ-mədən və digər sahələrdə böyük potensiala malikdir. Burada "Yaşıl enerji" zonası və ağıllı şəhər, ağıllı kənd konsepsiyalarının tətbiqi həm ölkəmizin, həm də bütövlükdə regionun dayanıqlı inkişafına böyük töhfə olacaq".

Fuad Mədətov
Fins.az