VAKANSİYA

28 Aprel

TƏBİB-dən iş yerləri ilə bağlı TƏKLİF

“COVID-19-un qarşısını almaq üçün biz xəstəliyin kütləvi şəkildə haralarda yayıla biləcəyini müəyyən etməli idik. Təbii ki, məktəblər, təhsil ocaqları və insanların kütləvi şəkildə toplandığı ərazilər bu qəbildən idi. Lakin, kritik əhəmiyyətli obyektlər var ki, burada işlər davam etməli idi”. 

Fins.az-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin Profilaktikası və Kontrolu Departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, kritik əhəmiyyətli obyektlərdə qapanmalara getmək mümkün deyildi. TƏBİB rəsmisi bura dövlət müəssisələri, ticarət obyektləri, qida və kənd təsərrüfatı, səhiyyə xidməti, bankçılıq və maliyyə, istehsalat, nəqliyyat və digər əsas sahələri aid edib.

 

Yaqut Qarayeva əlavə edib ki, hər bir iş yerinin klassifikasiyasının aparılması da mümkündür: 

“Dəyərləndirmələrə əsasən aşağı, orta və yüksək riskli iş yerləri var. Ən yüksək riskli iş yerləri səhiyyə ocaqlarıdır. Orta riskli peşələrə isə ictimai nəqliyyat üzrə fəaliyyət göstərən şəxsləri aid edə bilərik. Aşağı riskli iş yerlərinə isə ofis şəraiti və onlayn rejimdə idarə edilə bilən, insanlarla təmasda olmayan ixtisaslar aiddir”.

O qeyd edib ki, insanların iş yerlərində bir yerə toplaşmasının qarşısını almaq üçün bir sıra əlavə tədbirlər həyata keçirilsə, daha effektiv nəticələr almaq mümkün ola bilər:

“İş yerlərində giriş-çıxışları ayırmaq, insanların işə 15-20 dəqiqə fərqlə gəlişini təmin etmək olar. Əgər bu fərq təmin edilsə ictimai nəqliyyatda da neqativ halların qarşısını ala bilərik”.