Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 27–31 oktyabr tarixlərində Pakistanın Lahor, Karaçi və İslamabad şəhərlərində ölkənin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını artırmaq məqsədilə silsilə tədbirlər keçirilib.
Finss.az xəbər verir ki, tədbirlərdə “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, “Absheron Hotel Group” və iki yerli turizm şirkəti iştirak edib.
Pakistanın 200-dən çox turizm sənayesi nümayəndəsi və 21 media təmsilçisinin iştirak etdiyi tədbirlər çərçivəsində B2B formatlı görüşlər, Azərbaycanın turizm imkanları üzrə təqdimatlar keçirilib, ölkənin sağlamlıq turizmi və biznes tədbirləri (MICE) sahəsində potensialı tanıdılıb.
İslamabadda baş tutan tədbir çərçivəsində Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid və Pakistan Baş nazirinin Turizm məsələləri üzrə milli koordinatoru Sərdar Yasir İlyas Xan arasında görüş keçirilib. Görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, 2025-ci ilin yanvar–sentyabr aylarında Pakistandan Azərbaycana 66 mindən çox ziyarətçi gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15% artım deməkdir.






