TURİZM

13 Oktyabr

Türkiyənin görməli olduğunuz ən gözəl yerləri:Sümeladan Pamukkaləyə

Dünya turizmi haqqında danışanda ilk ağla gələn ölkələrdən biri Türkiyə olur. Bu gün Türkiyə dünya turizminin mərkəzinə çevrilib. Bunun bir çox əsaslı səbəbləri var. Türkiyənin hər bir şəhəri özünəməxsus mədəni, təbii və tarixi gözəlliklərə malikdir. Burada gəzilib-görüləcək, dəyər veriləcək o qədər yer var ki… Hətta bir neçə dəfə getdiyiniz şəhərdə hələ kəşf etmədiyiniz gözəlliklərin olduğunu heç düşünmüsünüzmü? Əsrlərə dayanan tarixi, zəngin mətbəxi, təbiəti, dənizi və dağları ilə Türkiyə hər zövqə xitab edir.

Finss.az xəbər verir ki, bu qədər gözəlliyin bir arada olması Türkiyəni illərdir həm dünya, həm də Azərbaycan turistləri üçün cəlbedici səyahət ölkəsinə çevirib.

Türkiyənin memarlıq abidələri, təbii gözəllikləri və tarixi qalıqları diqqət çəkici olmaqla yanaşı, təbiət mənzərələri ilə də valeh edir. Sümela Monastırından Pamukkaləyə qədər uzanan bu mənzərələr hər kəsi heyran qoyur.

Türkiyənin bu mənzərələri sanki xəyal qədər gözəldir…

İstanbulun simvolu – Kız Kulesi

İstanbul deyiləndə ağıla gələn ilk məkanlardan biri Qız Qülləsidir (Kız Kulesi). İstanbul boğazının Üsküdar sahillərində kiçik ada üzərində yerləşən bu qala Bizans dövrünə aiddir. İstanbulun ən məşhur simvollarından biri olan Qız Qülləsindən tarixi yarımadanın möhtəşəm siluetini izləmək unudulmaz təcrübədir. Şəhərin səs-küyündən uzaqlaşmaq istəyənlər üçün gün batımını burada izləmək xüsusi bir zövqdür.

Sümela Monastırı – Trabzonun dağ qoynundakı möcüzə

Tarixi eramızın 386-cı illərinə qədər uzanan Sümela Manastırı, Trabzonun Maçka mahalındakı Altındərə Vadisinin dik qayalıqları üzərində inşa olunub. Hazırda bir çox filmlərə mövzu olan bu monastır, yerli və xarici turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir.

Pamukkale Travertenləri – Qar kimi ağ təbiət möcüzəsi (Dənizli)

Pamukkale travertenləri, təxminən 14 min il əvvəl formalaşıb və bu gün UNESCO-nun Dünya Mirası Siyahısında yer alır. Günəş işığının bu travertenlər üzərində yaratdığı rəng dəyişiklikləri gözoxşayan mənzərələr yaradır. Ziyarət zamanı ayaqqabısız gəzmək vacibdir, çünki travertenlərin qorunması üçün bu tələb olunur. Fotoaparatınızı götürməyi unutmayın, çünki burada hər kadr bir xatirədir.

Mardin evləri – daşdan tikilmiş tarix

Mardin evləri, Mezopotamiya düzənliyinə baxan qədim şəhərin ən unikal simvollarındandır. Bu evlər sarı əhəng daşlarından tikilib və heç bir taxta dayağa ehtiyac duyulmadan formalaşdırılıb. Bir-birinə bağlı dar küçələri, tarixi arxitekturasıəsrlərin izlərini daşıyan divarları ilə Mardin sanki keçmişi bu günlə birləşdirir.

Uçhisar qalası – Kapadokyanın ən yüksək nöqtəsi (Nevşehir)

Uçhisar qalası, Kapadokyanın ən yüksək zirvəsində yerləşir və bölgənin ən strateji məkanlarından biridir. Qayaların oyularaq formalaşdırıldığı bu qala min ildən artıq tarixə malikdir. Buradan Həsən və Erciyes dağlarının möhtəşəm mənzərəsini izləmək mümkündür. Kapadokyaya səyahət edən hər kəs üçün Uçhisar qalası mütləq ziyarət edilməli yerdir.

Nemrut Dağı – Gün batımının ən möhtəşəm mənzərəsi (Adıyaman)

2150 metr hündürlüyə malik Nemrut Dağı, UNESCO Dünya Mirası Siyahısında yer alır. Dağın zirvəsində Kommagene Kralı I Antioch tərəfindən ucaldılmış nəhəng heykəllər və abidələr Hellenistik dövrün şah əsərlərindəndir. Gün batımında Nemrutun zirvəsindən görünən mənzərə bənzərsizdir və burada bir dəfə olan hər kəs bu təcrübəni ömür boyu unuda bilmir.

Tekirova – Antalyanın mavi cənnəti

Kemerin mavi çimərlikləri ilə tanınan Tekirova, Antalyanın ən çox ziyarət edilən turizm bölgələrindən biridir. Ən populyar çimərliklərdən biri Olimposdur. Burada həm dağların fonunda Aralıq dənizinin gözəlliyi, həm də Tahtalı Dağının möhtəşəm mənzərəsi səyahətçiləri valeh edir.

Kızkalesi – Aralıq dənizinin incisi (Mersin)

Bizans dövrünə aid Kızkalesi qalası, Mersinin Erdemli mahalı sahillərində, dənizdəki kiçik bir adada yerləşir. Çimərlikdən cəmi 300 metr məsafədə olan qala, Aralıq dənizi üzərində parlayan bir şahzadəni xatırladır.

Bir sözlə, yolunuzu Türkiyəyə salsanız, dünyanın yeddi möcüzəsinin yalnız başlanğıc olduğunu anlayacaqsınız. Türkiyədə bu möcüzələr çoxdur. Sadəcə bu gözəllikləri gəzmək və tarixə şahidlik etmək lazımdır.