TURİZM

29 Aprel

Azərbaycanda mehmanxanalarda istifadə səviyyəsi 19,3%-ə çatıb

2025-ci ilin yanvar-mart aylarında mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3% təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz bəndi artıb (2024-cü ildə bu göstərici 17,8% olub). Ən yüksək istifadə səviyyəsi Şabranda 68,2%, Qusarda 43,5% və Naftalanda 31,2% qeydə alınıb. Bakıda isə bu göstərici 28,0% olub.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 11,9% artaraq 484,9 min olub ki, bu da ümumi gecələmələrin 55,8%-ni təşkil edir. Əcnəbi turistlərin ən çox gəldiyi ölkələr arasında Hindistan (21,8%), Rusiya (14,3%), Türkiyə (8,8%), və Birləşmiş Ərəb Əmirlikləri (6,3%) yer alıb. Bu gecələmələrin 77,5%-i Bakıda, 12,7%-i Qusarda və 3,5%-i Naftalanda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,8% artaraq 383,4 min olub. Bu, ümumi gecələmələrin 44,2%-ni təşkil edir.

Fuad Mədətov
Finss.az