TURİZM

23 Aprel

Azərbaycan PATA sammitində dayanıqlı turizm təşəbbüslərini təqdim edib

Finss.az - Azərbaycanın dayanıqlı turizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər və strateji yanaşmalar Türkiyənin İstanbul şəhərində təşkil olunan Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində təqdim olunub.

21-23 aprel tarixlərində keçirilən sammitdə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu təmsil edib.

"Dayanıqlı gələcək üçün əbədi müdriklik" mövzusunda təşkil olunan tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və turizm üzrə ekspertlər tərəfindən qlobal turizmin gələcək inkişafında davamlılıq amilinin əsas istiqamət kimi rolu müzakirə olunub.

Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid hökumətlərarası sessiya çərçivəsində turizmdə idarəetmə və siyasət mexanizmlərinin transformasiyası, innovativ tənzimləyici yanaşmalar və davamlı inkişaf prinsipləri mövzularında çıxış edib.

Tədbir çərçivəsində beynəlxalq tərəfdaşlarla keçirilən görüşlərdə ekoloji baxımdan məsuliyyətli turizm məhsullarının inkişafı, mədəni irsin qorunması və icma əsaslı turizm təşəbbüsləri barədə Azərbaycanın mövqeyi təqdim olunub.

Zemfira Ms
Finss.az