Finss.az - Bayram günlərində Azərbaycanda istirahət etməyi planlayanlar üçün otellərin qiymətləri aktuallaşıb.
Azərbaycanın müxtəlif bölgələrində yerləşən otellər bayram günləri üçün xüsusi təkliflər hazırlayıb və qiymətlər otelin yerləşdiyi əraziyə, təqdim etdiyi xidmətlərə və bayram proqramlarına görə dəyişir.
Şəki, Qəbələ, Şamaxı, Lənkəran, Quba və digər turistik bölgələrdə yerləşən otellərdə 20-31 mart tarixlərində iki nəfərlik otaqların qiyməti 70 manatdan başlayır və 500 manata qədər yüksəlir. Qiymətlər, otellərin təqdim etdiyi xidmətlər, otaq növü və bayram proqramlarına görə dəyişə bilər.
İqtisadçı-ekspert Xalid Kərimli BAKU.WS-ə açıqlamasında bildirdi ki, bayram günlərində otellər və iaşə obyektləri qiymətlərini artırırlar. Bunun səbəbi yüksək tələbatdır. "Çox adam eyni zamanda otellərə getmək istəyir və bu da qiymətlərin artmasına səbəb olur. Lakin adi günlərə baxsaq, bayramlarda olduğu kimi yüksək qiymətlər görməyəcəksiniz", — deyə Xalid Kərimli qeyd edib.
Kərimli, turizm sahəsində otel, iaşə və əyləncə sektorunda qiymət artımını tələbatın artması ilə izah edir. Onun sözlərinə görə, belə günlərdə otellər qiymətlərini tənzimləmək məcburiyyətində qalırlar və sahibkarları bu məsələ ilə bağlı günahlandırmaq düzgün olmazdı.
Bəzi vətəndaşlar üçün otel qiymətləri yüksək olsa da, alternativ variantlar da mövcuddur. Kənd turizmi, bölgələrdə ailəvi qonaq evləri, kirayə evlər və sanatoriyalar daha sərfəli seçimlər təklif edir.
- Kənd turizmi – bölgələrdə yerləşən ailəvi qonaq evləri daha münasib qiymətlər təqdim edir.
- Kirayə evlər – gündəlik ev kirayəsi bəzi hallarda otellərdən daha ucuz olur.
- Sanatoriyalar və istirahət mərkəzləri – sağlamlıq mərkəzləri də Novruz bayramı üçün xüsusi təkliflər irəli sürür.