Heydər Əliyev Beynəlxalq Aeroportu uçuş coğrafiyasını daim genişləndirərək səyahət və işgüzar səfərlər üçün əlverişli variantlar təklif edir. Sərnişinlərin Bakı hava limanından 38 aviaşirkət vasitəsilə Yunanıstan, İsveçrə, İspaniya, Avstriya və digər yeni istiqamətlər daxil olmaqla dünyanın 68 şəhərinə səyahət etmək imkanı var.
Fins.az xəbər verir ki, soyuq qış aylarında AZAL, “FlyDubai”, “Air Arabia”, “Air Arabia Abu Dhabi”, “Wizz Air Abu Dhabi”, “Qatar Airways” və “Air Cairo” aviadaşıcıları ilə isti iqlimi ilə fərqlənən Dubay, Əbu-Dabi, Şarja, Şarm əl-Şeyx, Doha kimi şəhərlərə getmək mümkündür.
Unikal qış istiqamətlərindən biri də Mərkəzi Asiya ölkələridir. Özbəkistan, Qazaxıstan və ya Qırğızıstana səyahət etməklə bölgənin rəngarəng mədəniyyətindən, maraqlı görməli yerlərindən və təbii gözəlliklərindən zövq alacaqsız. Bu ölkələrə uçuşlar “Azərbaycan Hava Yolları”, “Uzbekistan Airways”, “Air Astana” və “FlyArystan” tərəfindən həyata keçirilir.
Bununla yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportundan Avropa, Çin, İngiltərə və digər istiqamətlərə də uçuşlar təklif olunur. Həmçinin, sərnişinlərin ən çox üz tutduqları Rusiya, Gürcüstan və Türkiyəyə reyslər istisna deyil ki, burada da onlar qışın xoş çalarlarını hiss edə və xizək kurortlarında qış idman növlərindən zövq ala bilərlər.
Qeyd olunan istiqamətlər üzrə aviabiletləri müvafiq aviaşirkətlərin rəsmi internet saytlarında bron etmək mümkündür.
Günel Məlikzadə
Fins.az