Bu gün Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü” tədbirinin yekununda “Bakı Bəyannaməsi” qəbul edilib.
Qurumdan Fins.az-a verilən məlumata görə, bəyannamədə turizm təhsilinə aid müxtəlif istiqamətlərdə, həmçinin tədqiqat və məlumat mübadiləsi, mədəni irsin təbliği, turizm innovasiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi niyyəti diqqətə çatdırılıb.
Görüş çərçivəsində keçirilən dəyirmi masada təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi, təlim proqramları və turizm təhsili müəssisələrinin vahid şəbəkəsinin yaradılması mövzuları müzakirə edilib.
Dekabrın 4-də işinə başlayan tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran və Pakistan daxil olmaqla təşkilatın 9 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edib.
Günel Məlikzadə
Fins.az