Çinli turistlər üçün “China Ready” konsepsiyasının tətbiqi planlaşdırılır.
Bunu Fins.az-a Şanxayda Azərbaycanın turizm potensialı ilə bağlı keçirilən təqdimatda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Fuad Nağıyev qeyd edib ki, Çin Azərbaycan üçün əsas turizm bazarlarından biridir və Dövlət Turizm Agentliyi bu istiqamətdə fəaliyyətini daha da genişləndirmək niyyətindədir.
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutan tədbir hər iki ölkənin rəsmi şəxsləri və turizm sənayesi nümayəndələrinin iştirakı ilə keçirilib.
Təqdimat tədbirində “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin nümayəndələri Ruslan Abdullayev və Rinat Əzizov ölkəmizin milli aviadaşıyıcısı haqqında məlumat verib, şirkətin dekabrda açılacaq Bakı-Pekin-Bakı birbaşa, müntəzəm uçuşlarının iki ölkə arasında turist səfərlərinin sayının çoxalmasına müsbət təsir edəcəyini, AZAL-ın qarşıdakı illərdə Çinin daha bir neçə şəhərinə birbaşa uçuşlar açmağı planlaşdırdığını diqqətə çatdırıblar.
Qeyd edək ki, “China Ready” layihəsi Azərbaycanı çinli səyahətçilərin üstünlük verəcəyi istiqamətə çevirmək məqsədi daşıyan proqramın bir hissəsidir. Proqram turizm sənayesinin çinli qonaqları qarşılamağa və onlara xidmət göstərməyə hazırlığını təmin etmək üçün nəzərdə tutulub.
Proqram çərçivəsində mehmanxanalar, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçiləri daxil olmaqla turizm sənayesi nümayəndələrinə təlimlər təşkil ediləcək. İlkin olaraq 100 iştirakçı üçün nəzərdə tutulan, Çin mədəniyyəti, turist gözləntiləri, çin və mandarin dillərinin tədrisinin nəzərdə tutulduğu 12 aylıq təlim proqramının sonunda iştirakçılara “Çinli turistlərin dostu” sertifikatı təqdim ediləcək.
Bundan əlavə, turizm və qonaqpərvərlik sənayesi nümayəndələri Azərbaycanı çinli səyahətçilərə effektiv şəkildə təqdim etmək üçün xüsusi təlimatlar və strategiyalar haqqında məlumat əldə edəcəklər.
Həmçinin çinli ziyarətçilər üçün ödəniş variantlarının təklif edilməsi, ənənəvi Çin yeməklərinin hotel menyularına inteqrasiyası və daha çox birbaşa uçuş variantlarının təklif edilməsi kimi münasib imkanların yaradılması planlaşdırılır.
Qeyd edək ki, hazırda Çinlə həftədə həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 20 mindən çox çinli ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çoxdur.
2023-cü ilin dekabr ayında iki ölkə arasında yeni birbaşa reyslərin açılmasından sonra Dövlət Turizm Agentliyi Çindən olan turistlərin sayının artacağını proqnozlaşdıraraq fəal tədbirlər həyata keçirib.
Yerli turizm şirkətləri ilə Çin turizm sənayesi nümayəndələri arasında tərəfdaşlığı inkişaf etdirmək məqsədilə yaxın günlərdə Şanxay, Quançjou və Çenqdu şəhərlərində bir sıra B2B (Biznesdən-biznesə) seminarları təşkil ediləcək.
Həmçinin Azərbaycan Turizm Bürosu yerli tərəfdaşlarla birlikdə 15-17 noyabrda Pekində keçiriləcək Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM 2023) turizm sərgisində təmsil olunacaq.
Günel Məlikzadə
Fins.az