TURİZM

07 Noyabr

Turistlər Azərbaycana niyə az gəlir? - AÇIQLAMA

Turizm rəhbəri kimi Azərbaycanda turizm bazarında çatışmazlıqların olduğunu desəm də, bir səyyah kimi ölkəyə turist kimi gəlsəm məmnun qalaram.

Bunu Fins.az-a açıqlamasında "Go Travel" Turizm Agentliyinin təsisçi və icraçı direktoru Telman Məmmədov Azərbaycanın turizm bazarını dəyərləndirərkən deyib.

T.Məmmədov bildirib ki, bəzi Asiya ölkələri istisna olmaqla Azərbaycan qiymət baxımdan bir turist kimi gələ bilinəcək ən ideal ölkələrdən biridir:

“Mən özüm dünyanın 95 ölkəsində olmuşam. Bir xarici turist kimi Azərbaycanda minimuml məbləğlə, istər nəqliyyat, istərsə də qida və geyim baxımından günü keçirmək olar. Turist üçündə bundan ideal nə ola bilər? Elə ölkələr deyə bilərəmki havalimanından şəhərə taksi ilə 185 dollar pul ödəmişəm. Hansıki bu məsafə Bakıdan havalimanına olan məsafədən də qısa idi.

Turizm Agentliyinin təsisçi və icraçı direktoru turistlərin Azərbaycana az gəlməsinin səbəbi ilə bağlı danışarkən vurğulayıb ki, turistlərin Azərbaycana az gəlməsinin əsas səbəbi qiymət deyil, onların Azərbaycanı tanımamasıdır.

“Əksər ölkələrdə Azərbaycanlı olduğumu bildirəndə xəritədə harda yerləşdiyini soruşurdular. Bu da o deməkdir ki, bəzi insanlar Azərbaycan haqqında məlumatları yoxdur. Onsuzda Azərbaycanı tanıyandan sonra ölkəyə gələn turist ölkədəki qiymətlərdən məmnun qalacaq və digərlərinə də bildirəcək. Elə ölkələrdə olmuşam ki, ora adına görə getmişəm, halbuki oranın turist baxımından heç bir cəzb edici səbəbinin olmadığını müşahidə etmişəm. Amma yenədə ölkədə turist axınını görmək olur. Azərbaycana gələn turist sayı çoxaldıqca bəzi çatışmayan nüanslarda düzələcək”.

T.Məmmədov turizm bazarında qiymətlərin necə təyin olunduğuna da aydınlıq gətirərək qeyd edib ki, əksər sahələrdə olduğu kimi turizm bazarında da qiymətlər tələb təklifə görə təyin olunur:

“Hal-hazırda Azərbaycandakı qiymətlər bir turistin gəlib gəzə biləcəyi ən ideal qiymətlərdir. Burada xarici vətəndaşın turist kimi Azərbaycana gəlməyini nəzərdə tuturam. Çünkü Azərbaycanda həyat standartları digər xarici ölkələrə görə daha ucuzdur. Turistə xoş olsada yerli vətəndaşların xaricə getməyi biraz çətindir”.

Məlumat üçün bildirək ki, "Go Travel" Turizm Agentliyi turizm sahəsində 7 ildən artıq təcrübəsi olan, turizm istiqamətləri üzrə ixtisaslaşmış, korporativ müştərilərə kompleks xidmətləri göstərən, Azərbaycanın ən tanınmış turizm şirkətlərindən biridir.

Məhəbbət Məmmədov
Fins.az