Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm üzrə işçi qrupunun video-konfrans formatında keçirilmiş iclası Dövlət Turizm Agentliyinin nümayəndələrinin iştirakı ilə baş tutub.
Dövlət Turizm Agentliyindən Fins.az-a bildirilib ki, Azərbaycanın sədrliyi ilə təşkil edilmiş iclasda açılış nitqləri QDİƏT-in baş katibinin müavini Dimitrios Rallis və Dövlət Turizm Agentliyinin Aparatının rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov tərəfindən səsləndirilib.
İclasda Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin təşkilata sədrlik edəcəyi 2023-2024-cü illər üzrə Tədbirlər Planı müzakirəyə çıxarılıb. Həmçinin iştirakçı üzv dövlətlərin turizm sahəsi üzrə maraqlarına dair müvafiq məsələlərə və birgə həyata keçirilə biləcək layihələrə dair fikri mübadiləsi aparılıb, iclasın yekunların dair hesabat sənədi təsdiq edilib. İşçi qrupunun növbəti iclasının cari ilin dekabr ayında keçirilməsi qərara alınıb.
İclasda təşkilata üzv dövlətlərdən Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Yunanıstan, Rumıniya, Rusiya, Serbiya, Moldova və Ukrayna kimi ölkələr təmsil olunublar.