Bakı hava limanı payız səyahətləri üçün geniş istiqamətlər seçimi təklif edir. Ümumilikdə, Heydər Əliyev Beynəlxalq Aeroportundan 66 istiqamət üzrə 33 ölkəyə səyahət etmək mümkündür. Sərnişinlərə tələbatlarına uyğun müxtəlif aviaşirkətlərdən ibarət variantlar və uçuş cədvəlləri təqdim olunur.
Fins.az xəbər verir ki, Bakıdan ən populyar istiqamət şərq və qərb mədəniyyətlərinin qovuşduğu İstanbuldur. 2023-cü ilin 9 ayı ərzində Bakı-İstanbul-Bakı marşrutu üzrə 745 mindən çox sərnişin daşınıb. Bu gözəl şəhərin hər iki hava limanına uçan aviaşirkətlər sırasına “Azərbaycan Hava Yolları” (AZAL), “Turkish Airlines”, “AnadoluJet” və “Pegasus” daxildir.
İkinci ən məhşur istiqamət 510 minə yaxın sərnişinin daşındığı Rusiyanın paytaxtıdır. Bakıdan Moskvanın Domodedovo, Vnukovo və Şeremetevo hava limanlarına uçuşlar AZAL, “Aeroflot”, “Utair” və “IrAero” tərəfindən həyata keçirilir.
Birləşmiş Ərəb Əmirlikləri payız üçün ən maraqlı və cəlbedici səyahət məkanlarından biridir. Dubaya sərnişinlər həm AZAL, həm də “flydubai” aviaşirkətləri vasitəsilə səyahət edə bilər. Bu ilin 9 ayı ərzində bu istiqamətdə 224 mindən çox sərnişin daşınıb. Bundan başqa, əksər sərnişinlər Bakı-Əbu-Dabi-Bakı marşrutu ilə səyahətə üstünlük verirlər. Bu istiqamətdə uçuşlar “Air Arabia Abu-Dhabi” və “Wizz Air Abu-Dhabi” aviadaşıyıcıları ilə yerinə yetirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Gürcüstanın paytaxtı Tbilisiyə və əks istiqamətdə müntəzəm reyslər AZAL və “Georgian Wings” tərəfindən həyata keçirilir. Azərbaycanın milli aviadaşıyıcısı Bakı-Tbilisi-Bakı marşrutu üzrə hər gün iki dəfə olmaqla reyslər yerinə yetirir. Gürcüstanın "Georgian Wings" aviaşirkəti isə müntəzəm uçuşların sayını həftədə 5 dəfəyədək artırmaqla hər bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri uçuşlar həyata keçirir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna 39 xarici aviaşirkət uçuş yerinə yetirir, onlardan 17-i aşağıbüdcəli aviadaşıyıcılardır.
Günel Məlikzadə
Fins.az