TURİZM

28 Sentyabr

Birlik və Anım Rəmzi: AZAL-ın pilotları səmada Xarı-bülbül gülünü təsvir ediblər

“Azərbaycan Hava Yolları” aviaşirkəti ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanlarımızın xatirəsini yad edib. AZAL-ın pilotları  səmada Azərbaycanın torpaqlarının azadlığı uğrunda canlarından keçərək şəhid olan əsgərlərimizin əziz xatirəsinin rəmzi - Xarı-bülbül çiçəyinin konturunu çəkiblər.

Fins.az xəbər verir ki, hər il sentyabrın 27-də ölkəmizdə şəhidlərimizə ən yüksək hörmət əlaməti kimi Anım Günü qeyd olunur. Birliyimiz üçün şəhidlik zirvəsinə ucalan igid oğullarımızın Anım Günü milli iradənin, milli ruhun və ləyaqətin təntənəsi günüdür. Xarı-bülbül isə qürur, qələbə və əbədiyyət nümunəsidir.

Hava gəmisinin qeyri-adi marşrutu dünyanın bütün təyyarələrinin uçuş trayektoriyalarının qeydə alındığı xüsusi saytda – “FlightRadar”da nümayış etdirilib.

Bu möhtəşəm təsvir “Azərbaycan Hava Yolları”nın “Laçın” adlı “Airbus 320neo” təyyarəsi ilə yaradılıb.

Linkə keçid edərək bu təsvirin necə yaradıldığını videoda izləyə bilərsiniz: LINK

Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik!
Günel Məlikzadə
Fins.az