İtaliyanın Venesiya şəhərinə gündəlik səyahət edənlərə tətbiq olunması nəzərdə tutulan 5 avroluq bilet sistemi ilə bağlı qərar sentyabrın 12-də təsdiqlənmək üçün Şəhər Şurasına göndəriləcək.
Fins.az xəbər verir ki, Venesiya Bələdiyyəsinin məlumatına görə, ziyarətçi sıxlığının qarşısını almaq məqsədilə 2024-cü il ərzində turist sayının ən yüksək olduğu günlərdə şəhərin tarixi mərkəzinə daxil olmaq istəyənlərdən giriş haqqı tələb ediləcək. Qərar ilboyu ümumilikdə 30 gün tətbiq ediləcək və biletin qiyməti 5 avro olacaq. Yerli sakinlər, burada işləyənlər, tələbələr, idman yarışlarına gələnlər və yaşı 14-dən aşağı olanlar, eləcə də şəhərdə gecələyən turistlər giriş haqqından azad ediləcək.
Venesiya meri Luici Bruqnaro yeni tətbiqin məqsədinin müəyyən dövrlərdə şəhərdə turist sıxlığının tənzimləməsi məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, UNESCO Venesiyanın təhlükədə olan dünya irsi siyahısına salınmasını tövsiyə edib. Tövsiyə qəbul olunmaq üçün bu ayın sonunda UNESCO-nun Dünya İrs Komitəsinin Ər-Riyadda keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
2021-ci ildə isə böyük gəmilərin şəhərdəki limanlara yan almasına qadağa qoyulmuşdu.