Ümumdünya Turizm Təşkilatı (ÜTT) G20 qrupu çərçivəsində turizmi dəstəkləmək üçün idarəetmə panelini işə salır.
Fins.az ÜTT-nin bəyanatına istinadla xəbər verir ki, sentyabrın 9-10-da keçiriləcək G20 ölkələrinin Zirvəsi görüşü ərəfəsində bu təşkilatın işçi qrupu sammitə ev sahibliyi edəcək Hindistanın Turizm Nazirliyi ilə birlikdə turizmin dəstəklənməsi üzrə yeni layihə təqdim edib.
ÜTT hesab edir ki, BMT-nin 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyində təsbit olunmuş hədəflərinə nail olunmasında turizm sektorunun inkişafının mühüm rolu var. İşçi qrupu tərəfindən təqdim edilən yeni təşəbbüsə uyğun olaraq hazırlanmış yol xəritəsi beş prioritet komponenti ehtiva edir: yaşıl turizm, turizm sektorunun rəqəmsallaşması, peşəkarlığın artırılması, turizm sahəsində kiçik və orta sahibkarlığa dəstək verilməsi, turizm istiqamətlərinin idarə edilməsi.
ÜTT-G20 İdarəetmə Panelinə bu beş sahə üzrə 20-dən çox nümunə araşdırması daxildir. 2023-cü il ərzində və gələcək illərdə bu nümunələr müntəzəm olaraq yenilənəcək, onların dayanıqlı inkişaf məqsədlərinə töhfələrində turizm siyasətləri və təşəbbüsləri üçün unikal istinad təmin ediləcək. ÜTT-nin Baş katibi Zurab Pololikaşvili deyir: "G20 ölkələri dünya üzrə turizmin 70 faizdən çoxunu təmsil edir. Sektorun transformasiyasında onların liderliyi həlledicidir. G20 çərçivəsində yaradılan Turizm İşçi Qrupu konkret nəticə əldə etmək istiqamətində istinad alətidir”.