TURİZM

05 Sentyabr

Bakı Hava Limanı yalnız rəsmi taksilərdən istifadə etməyi tövsiyə edir

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ziyarətçilərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə hava limanının ərazisində yalnız rəsmi taksilərdən istifadə etməyi tövsiyə edir. Lisenziyasız taksi xidmətlərindən istifadə qiymətlərin şişirdilməsi, aşağı xidmət keyfiyyəti, hətta dələduzluq və ya oğurluq kimi arzuolunmaz hallara gətirib çıxara bilər.

Fins.az xəbər verir ki, rəsmi taksilər isə lazımi təhlükəsizlik standartlarına əməl edir. Sürücülər peşəkar xidmət və şəffaf tariflər təqdim edirlər. Bu, səyahət edənlərə büdcələrini planlaşdırmağa və gözlənilməz xərclərdən qaçmağa imkan verir.

Rəsmi taksilər müvafiq tanınma və fərqləndirici nişan ilə seçilir ki, onları hava limanı terminallarının ətrafındakı nəqliyyat vasitələrində görmək mümkündür.

Xatırladaq ki, Bakı hava limanında maksimum rahatlıq üçün əlavə şərait də yaradılıb:

- Sərnişinlər və ziyarətçilərin gəliş/gediş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi enmə zolaqı - “drop off” onların ixtiyarındadır;

- Hava limanına daxil olarkən ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb edilmir ki,  bu isə sərnişinləri qarşılamaq və ya yola salmaq üçün rahatlığı təmin edir.

Qeyd edək ki, hava limanının ərazisində taksi xidməti ilə bağlı şübhə və ya problem yaranarsa, ziyarətçilər dərhal təhlükəsizlik işçilərinə müraciət edə bilərlər.