TURİZM

31 Avqust

Azərbaycana Mərakeşdən gələn turistlərin sayı artır

Azərbaycan Mərakeş turistləri üçün əsas istiqamətlərdən birinə çevrilib. Bu barədə Mərakeşin fransızdilli “LE MATIN” (“Səhər”) qəzetində yazılıb.

Fins.az xəbər verir ki, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəsmi statistikasına görə, Mərakeşdən ölkəmizə gələn turistlərin sayı cari ilin yanvar-iyul aylarında 2022-ci ilin analoji dövrü ilə müqayisədə 24 faiz artıb.

“Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovun fikrincə, Mərakeşdən turist axınının artması, ilk öncə, hər iki dövlət tərəfindən səfirliklər vasitəsilə göstərilən və iki xalq arasında dostluq və əməkdaşlığın daha da dərinləşdirilməsinə yönələn səylərlə izah olunur, – “LE MATIN” nəşrində deyilir. – Belə ki, 2008-ci ildə Azərbaycan və Mərakeş hökumətləri arasında hazırda qüvvədə olan turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb, mülki aviasiya sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin layihəsi müzakirə olunur. Azərbaycanı ziyarət etmək arzusunda olan mərakeşlilər üçün elektron vizanın əldə edilməsi imkanının yaranması da müəyyən rol oynayıb”.

Materialın müəllifi Driss Lyakubi qeyd edir ki, müsəlman əhalinin üstünlük təşkil etdiyi Azərbaycan zəngin mədəni irsi ilə məşhurdur, ölkənin bir çox təbii, tarixi və memarlıq obyektləri UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib. Tarixi irs ilə yanaşı, Azərbaycanın paytaxtı Bakı şəhəri çoxlu sayda beynəlxalq səviyyəli mədəni, idman və işgüzar tədbirlərin keçirilməsi ilə tanınır.