Avstriyanın böyüklüyünə görə dördüncü şəhəri hesab olunan Zalsburq, eyni zamanda, Zalsburq federal əyalətinin paytaxtıdır. Bu yerlərdə nə vaxtsa duz hasilatı ilə məşğul olublar (Zalsburq “duzlu qala” kimi tərcümə olunur).
Fins.az AZƏRTAC-a istinadən xəbər verir ki, duzun satışından əldə olunan gəlir hökmdarlara öz zəngin memarlığı ilə hər kəsi təəccübləndirən şəhəri tikmək imkanı verib. Bu gün də turistlər şəhəri iki – Qədim və Yeni hissələrə bölən və onları 12 körpü vasitəsilə birləşdirən Zals çayının hər iki tərəfində yerləşən barokko üslubunda tikilən qalalara, evlərə və saraylara valeh olurlar. Biz Zalsburqun qədim küçələri ilə gəzişdik, Zalsburq əyalətinin mənzərəli göllərində olduq və bu diyarın ən görməli yerləri barədə təəssüratlarımızı sizinlə bölüşməyə tələsirik.
Xoenzalsburq, dairəvi mənzərə və mərsin mürəbbəsi ilə şnisel
Qonaqlar şəhərə gələn kimi dərhal Zalsburqun tarixi mərkəzinə gəzintiyə yollanırlar. UNESCO-nun Ümumdünya İrs Siyahısına salınan bu qədim şəhər təpələr üzərində yerləşir, bu səbəbdən də küçələrinin əksəriyyəti maili vəziyyətdədir, dağlarla əhatə olunub. Yerlərin xüsusiyyəti Zalsburqda xeyli görünüş meydançalarının olmasına ümid yaradır.
Bu, həqiqətən də belədir. Köhnə şəhərin üzərinə meşəli Festunqsber dağı kölgə salır. Dağda Mərkəzi Avropada ən iri, bütöv şəkildə qorunub saxlanmış qədim Xoenzalsburq qalası ucalır. Həmin yerə ayrıca ekskursiya etməyə, şəhərə və şəhərətrafına 120 metrlik yüksəklikdən 360 dərəcəli mənzərədən zövq almağa dəyər.
Qala bu yerlərin hökmdarı arxiyepiskop Qebhard tərəfindən 1077-ci ildə tikdirilib. Sonrakı illərdə onun varisləri qala memarlığının inkişafını davam etdiriblər. Kompleks özünün yekun görkəmini 1500-ci ildə digər hökmdar Leonard fon Koyçahın dövründə alıb. Qalanın ilkin məqsədi knyazlığın və hökmdarların düşmən hücumlarından qorunması olub. Bütün bu illər ərzində qala bir dəfə olsun belə xarici ordu tərəfindən zəbt edilməyib.
Qala ziyarət üçün ilboyu açıqdır. 1892-ci ildən bəri ona təkcə piyada deyil, həm də funikulyorun köməyi ilə qalxmaq mümkün idi. Qalanın ön zallarında o dövrün saraydaxili həyatını əks etdirən tarixi eksponatlar, silah və yaraq-əsləhələr sərgisi, knyaz palataları və digər muzey ekspozisiyaları təqdim olunur. Baxış meydançasına qalxsanız, qarşınızda açılacaq mənzərə sizi cuşa gətirəcək. Şəhərətrafı yerlər də - məsələn, Zalsburqdan 6 kilometr cənubda yerləşən Helbrun saray-park kompleksi də gözəl görünür.
Oraya daha sonra getmək qərarını verdik. Yoldan yorularaq dincəlmək və çoxlarının bizə tövsiyə etdiyi yerli “Sternbrau” restoranına getmək qərarına gəldik. Bu restoran açıldığı 1542-ci ildən bəri öz qonaqlarına ənənəvi mətbəx təamları təqdim edir. Hamıya məlum olan şniseli burada pörtədilmiş kartof, limon və mərsin mürəbbəsi ilə təqdim edirlər. Şnisel əvəzinə eyni qarnir ilə qızardılmış forel filesini də seçmək mümkündür. Desertə orijinal Avstriya şokoladlı tortunun dadına baxmanız məsləhətdir.
Mirabel sarayı, Helbrunun əyləncəli fəvvarələri və sıldırım qayalıqda heyvanxana
Biz səhəri “Arcotel Castellani”də - Yeni şəhərdə sakit yaşıllıq yerdə, tarixi mərkəzdən bir neçə dayanacaq aralıda yerləşən oteldə qarşıladıq. Bu rayon “Salzburg Akademiestrasse” – akademiklər küçəsi adlanır, çünki burada bir neçə tanınmış təhsil müəssisəsi yerləşir. Fürsətdən istifadə edərək biz Zals çayının bu sahili ilə də tanış olmaq, 1606-cı ildə şəhər hökmdarı tərəfindən tikdirilən Mirabel sarayı və onun bağlarından zövq almaq qərarına gəldik. Hazırda Mirabel sarayında bələdiyyə idarəsi, eləcə də Zalsburq merinin ofisləri yerləşir. Vaxtilə hökmdarların banket zalı olan sarayın mərmər zalı hazırda təntənəli və müxtəlif mərasimlərin keçirildiyi yer qismində xidmət edir. Mirabel sarayının gözəl bağları xüsusilə göz oxşayır. Bu bağlar Avropa bağ-park sənətinin ən yaxşı nümunələri kimi tanınıb. Burada bitkilər elə seçilib ki, bağ ilboyu çiçəklənən vəziyyətdə olur. Güllərin əhatəsində Alp sularının fəvvarəsi şırıldayır. Saray, sarayın bağı və ətraf tikililər UNESCO-nun mühafizəsi altındadır.
Çox güman ki, Zalsburqun ən tanınmış saray kompleksi Helbrun sarayı və onun əyləncəli fəvvarələridir. İctimai nəqliyyatda bir neçə dayanacaqdan sonra biz mənzilbaşına çatırıq. Zalsburq hökmdarı Markus Sittikus bu Helbrun saray kompleksini öz asudə vaxtını keçirmək üçün vahə kimi fikirləşib. Bu yay iqamətgahı o dövr üçün rekord qısa vaxt ərzində - 1612-1615-ci illər dövründə italiyalı memar Santino Solari tərəfindən tikilib. Sarayda fəaliyyət göstərən daimi sərgiyə audiobələdçinin müşayiətilə baxmaq, Helbrunun tarixi barədə maraqlı məlumatlar öyrənmək olar.
Zalsburqun cənubunda sakit yerdə olması və Helbrun dağlarından gələn təlatümlü sular memara fəvvarələrin çox hiyləgər, dünyada tayı-bərabəri olmayan sistemini qurmaq imkanı verib. Sarayın hökmdarı knyaz Sittikus öz qonaqlarını buraya dəvət etməyi xoşlayır, gözlənilmədən anda ən əlverişli olmayan yerlərdən su şırnağı çıxarkən qonaqların reaksiyasına tamaşa edirdi.
Helbrun kompleksi ərazisində yaradılan süni göllərdə nərə balıqları üzür. Nəhəng ağacları olan qədim bağa keçdikdə isə Zalsburq heyvanxanasını görəcəksiniz. Buranın özəlliyi ondadır ki, dağın ətəyində yerləşir və bəzi volyerlər demək olar ki, dağın döşündədir. Unikal landşaft bir neçə növ heyvan üçün yaşayış yeri kimi istifadə etmək imkanı verir. İldə 400 minə yaxın ziyarətçi qəbul edən bu heyvanxana həm də nəsli kəsilmə təhlükəsi ilə üzbəüz olan müxtəlif növ heyvanların müasir qorunub saxlanma mərkəzi rolunu oynayır.
“Red Bull”un anqarı və molekulyar mətbəx
Zalsburq federal əyalətində, Fuşlze gölünün sahilində dünyaca məşhur “Red Bull” şirkətinin mənzil-qərargahı yerləşir. Bu tikilinin memarlığında Asiyaya müraciət təsadüfi deyil. Məhz avstriyalı biznesmen Ditrix Mateşits Tailandda Avropa bazarına uyğunlaşdırılan enerji içkilərinin yaradılması ideyasından ruhlanıb, tailandlı şərikləri ilə birgə “Red Bull” şirkətini təsis edib. Nəticədə onun yaradıcıları milyarder olub, Mateşits isə idmana, xüsusilə də avtomobil yarışlarına sərmayə yatırımında qərarlaşıb. “Red Bull Racing” komandası Formula 1-də konstruktorlar kubokunu dəfələrlə qazanıb. Həmçinin “Red Bull” şirkəti müxtəlif ölkələrdə futbol və hokkey komandalarına sahibdir.
Zalsburq aeroportunda “Hangar-7” unikal bədii-memarlıq ansamblı ziyarət üçün açıqdır. Burada ötən il həyatdan köçən Ditrix Mateşitsə məxsus hava və yolüstü nəqliyyat vasitələrindən ibarət böyük kolleksiya toplanıb. 2003-cü ildə tikilən “Hangar-7”nin qeyri-adi memarlığı aviasiya dünyasından ilham alıb. İnşasında 1200 ton polad və 380 ton xüsusi şüşədən istifadə olunmasına baxmayaraq, anqar çox yüngül görünür, ətraf mühitə orqanik şəkildə uyğunlaşır. Şüşə tikilinin içində bərpadan sonra nadir tarixi təyyarələr, helikopterlər, Formula 1-in bolid və motosiklləri nümayiş etdirilir.
“Hangar-7” təkcə muzey deyil, həm də müasir kafe və restoranların yerləşdiyi məkandır.
Sözardı əvəzi
Zalsburq təkcə görməli yerləri ilə məhdud deyil. Şəhərdən demək olar ki, 30 kilometr şərqə üz tutsanız, siz Zalskammerquta – göllərlə zəngin olan dağlıq diyara düşəcəksiniz. Burada dağlarla və meşələrlə əhatə olunan, sahillərində Sankt-Gilgen və Sankt-Volfqanq kimi mənzərəli məskənləri olan Volfqanzee gölü yerləşir. Parovozla tarixi dəmir yolunda getməklə siz Şafberq şəhərində olacaqsınız. Burada regionun ən gözəl baxış meydançalarından biri yerləşir. Bu barədə növbəti reportajda danışılacaq.