Tailand ölkədə vizasız qalma müddətini yenidən 45 günə qədər artırmağı planlaşdırmır. Aprelin 1-dən qonaqlar əlavə sənədlər olmadan krallıqda 30 gün ərzində qala biləcəklər.
Fins.az xarici KİV-lərə istinadla xəbər verir ki, bir çox turist daha uzun müddətli vizasız rejimin qaytarılacağına ümid edirdi, lakin krallığın hökumət orqanları bunda zərurət görmürlər.
Tailandın Xarici İşlər Nazirliyinin Konsulluq departamentinin baş direktoru Naruçai Ninnadın sözlərinə görə, bundan əvvəl ölkə pandemiya vaxtı qonaqların karantindən keçməsi vaxtını kompensasiya etmək üçün onların qalma müddətinə 15 gün əlavə edirdi, indi isə buna ehtiyac yoxdur. “Bu epidemioloji vəziyyət ilə əlaqədar müvəqqəti uzadılma idi, indi isə biz yenidən 30 günlük rejimə qayıtdıq”, - deyə o əlavə edib.