Yaponiyada ardıcıl olaraq 14 ildir vətəndaşların sayı azalır, ölkədə daimi yaşayan əcnəbilərin sayı isə artır.
Fins.az yapon mediasına istinadla xəbər verir ki, bu il yanvarın 1-nə olan məlumata əsasən, ölkədə 122,42 milyon vətəndaş yaşayir, bu da öncəki illə müqayisədə 800 min nəfər azdır.
Bununla yanaşı, müvafiq statistikanın apardığı 1968-ci ildən bəri ilk dəfə olaraq azalma bütün 47 prefekturada qeydə alınıb. Son illər ölkənin cənubunda yerləşən Okinava prefekturasında və Tokioda əhalinin artımı müşahidə olunurdu.
Ötən il Yaponiyada 771,8 min uşaq doğulub ki, bu da son 44 ilin ən aşağı göstəricidir. Eyni zamanda, ölüm halları rekord səviyyəyə - 1,56 milyona çatıb.
Yanvar ayına olan məlumata görə, xaricilər də daxil olmaqla Yaponiya əhalisinin ümumi sayı ötən illə müqayisədə 511 min nəfər azalaraq 125,4 milyon nəfər təşkil edib. Ölkədə daimi yaşayan xarici ölkə vətəndaşlarının sayı isə son üç ildə 10 faiz artaraq 2,99 milyon nəfərə çatıb.
Proqnozlara görə, 2053-cü ilədək Yaponiya əhalisinin sayı 100 milyona, 2065-ci ilə qədər isə 88 milyona enəcək.