Azərbaycan regionda faydalı iqtisadi-coğrafi yerləşmə sayəsində turizmin inkişafı üçün faydalı yerdir.
Fins.az xəbər verir ki, ölkədə çoxlu turizm məkanları var. Azərbaycanı çox vaxt Şərqlə Qərbi birləşdirən qapı adlandırırlar.
Vaxtilə Böyük İpək Yolunun bir hissəsi olan Azərbaycan qədim mədəniyyətə malikdir. Ölkə ərazisində 6000-dən çox tarixi memarlıq abidəsi var. Onların əksəriyyəti Böyük İpək Yolu boyunca yerləşir.
Ölkədə turizm üçün əlverişli şəraitə malik kurort bölgələrindən olan Lerik gözəl təbiəti və təmiz havası ilə göz oxşayır. Şəhər Talış silsilə dağlarının əhatəsində yerləşir. Buranın Bülüdül və Zərinqala bulaqları çox məşhurdur. Bu bölgə misilsiz təbiəti ilə yanaşı, özünəməxsus mədəniyyəti və tarixi ilə də məşhurdur. Rayonda çoxlu tarixi abidələr var. Xanəgah kəndində Xoca Seyyid türbəsi (XIV əsr), Lüləkəran kənd məscidi (XIX əsr), Mistan kəndində dəniz səviyyəsindən 2438 m hündürlükdə Qızyurdu yüksəkliyi, Monidigah kəndində Baba İsa türbəsi və şəlalə, Kekonu kəndi ərazisində Pir Yusif türbəsi, həmçinin Cəngəmiran kəndi məscidi (XII - XIV əsrlər) və s. bu kimi tarixi abidələri misal çəkmək olar.
Qeyd edək ki, Bakıdan 305 kilometr məsafədə yerləşən Lerik şəhərində turistlərin yüksək səviyyədə yerləşdirilməsi və istirahəti üçün müasir mehmanxanalar, həmçinin kotteclər fəaliyyət göstərir.