Turizm şirkəti sadələşdirilmiş vergiödəyicisi kimi xaricdəki tur operatordan otel nömrəsi alır. Şirkət bu əməliyyata görə vergi ödəməlidirmi?
Fins.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-rezident tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda göstəriləcək otel xidmətlərinə görə ona ödənilən məbləğlər Azərbaycan mənbəyindən gəlir hesab olunmadığından ödəmə mənbəyində vergiyə və ƏDV-yə cəlb edilmir. Eyni zamanda, qeyd olunan halda vergiödəyicisi tərəfindən müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim edilmir.
Belə ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.
Eyni zamanda Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.