Azərbaycanın ornitoloji turizm imkanları Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində tanıdılıb.
Fins.az xəbər verir ki, sərgidə Böyük Qafqaz və Talış dağlarında, Nabran sahili, Mingəçevir su anbarı və Kür çayı sahilində, Beşbarmaq, Xınalıq, Ləzə kimi təbiət ərazilərində mövcud quş müşahidəçiliyi potensialı, Azərbaycanda olan nadir quş növləri, Qızılağac, Altıağac, Ağgöl, Abşeron və Şirvan milli parklarındakı biomüxtəliflik və quş müşahidəsi üçün əlverişli mövsümlər haqqında sərgi ziyarətçilərinə ətraflı məlumat verilib.
Qeyd edək ki, Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisi ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizmin təbliği üzrə beynəlxalq tədbir kimi hər il keçirilir. Bu il sərgidə Kipr, Yunanıstan, Malta, Portuqaliya, Çili, Ekvador, Kolumbiya, İslandiya, Bolqarıstan, Fransa, Türkiyə, Böyük Britaniya, ABŞ, Avstraliya, Tayvan, Malayziya kimi ölkələrin nümayəndələri daxil olmaqla 270-dən çox şirkət və qurum təmsil olunub.