TURİZM

17 İyul

Qırğızıstan hökuməti Azərbaycan vətəndaşlarının ölkədə qeydiyyatsız qalma müddətini uzadıb

Qırğızıstan hökuməti Azərbaycan vətəndaşlarının ölkədə qeydiyyatsız qalma müddətini 15 günə qədər uzadıb.

Fins.az xəbər verir ki, Qırğızıstan hökumətinin “Əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Qırğızıstan Respublikasının ərazisində qeydiyyata alınması məsələləri haqqında” 2016-cı il 19 dekabr tarixli qərarında müvafiq dəyişiklik edilib.

Əvvəllər Azərbaycan vətəndaşları Qırğızıstanda 10 günə qədər qeydiyyatsız qala bilərdi.

Xatırladaq ki, iyulun 22-dən Azərbaycan və Qırğızıstan arasında birbaşa çarter reysinin açılması gözlənilir.

Qırğızıstanın Azərbaycandakı səfiri bir qədər əvvəl bildirmişdi ki, reysin açılması ilə əlaqədar “Fly Khiva Group” aviaşirkətinin rəhbəri Dilşod Xocayev və Qırğızıstanın Azərbaycandakı Ticarət Evinin təsisçisi Zəfər Məmmədov birgə fəaliyyət haqqında saziş imzalayıblar.

Qrafikə uyğun olaraq, reyslər həftədə bir dəfə, şənbə günləri həyata keçiriləcək. Bakıdan uçuş saat 22:00-da (GMT +4), Bişkekə eniş isə saat 02:35-də (GMT +6). Uçuş 2 saat 35 dəqiqə çəkəcək. Təyyarə əks istiqamətdə 03:35-də (GMT +6) yola düşəcək, Bakıya isə saat 04:45-də (GMT +4) enəcək. Uçuş müddəti 3 saat 10 dəqiqə olacaq.

©Trend