TURİZM

01 İyun

Milli Kulinariya Komandası BƏƏ-də keçirilən beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb - FOTO

29-31 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarca şəhərində “Emirates Salon Culinarie” adı altında keçirilən “Alen Thong Golden Coffee Pot Challenge” beynəlxalq kulinariya çempionatı və bir sıra fərdi kateqoriyalar üzrə yarışlar keçirilib.

DTA-dan Fins.az-a verilən məlumata görə, Ümumdünya Kulinariya Cəmiyyətləri Assosiasiyası (Wordlchefs) və Əmirliklər Kulinariya Gildiyasının təşkilatçılığı ilə keçirilən yarışlarda ölkəmizi 9 nəfərlik heyət təmsil edib.

Azərbaycan Milli Kulinariya Komandasının tərkibində “Wordlchefs”in assosiativ üzvü olan  Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının (ACSA) üzvləri, CASA Kulinariya Məktəbinin gənc məzunları olan Leyla Vəliyeva, Cəlal Məmmədov, Altay Qəribov, Rüfət Mirzəmmədli, Elsevər Ömərov və Kənan Balaşov, eləcə də məşqçi Araz Əhmədov, kapitan Sərxan Məmmədov və beynəlxalq hakim Orxan Muxtarov yer alıblar.

Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənən Azərbaycan Milli Kulinariya Komandasının üzvləri həm fərdi, həm də komanda yarışlarında gümüş və bürünc medallar qazanıblar.

Yarışın ən ali kateqoriyası sayılan “Bufet menyusu” üzrə yarışlarda Azərbaycan Milli Kulinariya Komandası salat, dəniz məhsulları, ət məhsulları, qəlyanaltı, duru yemək, çörək və əsas yeməkdən ibarət menyunu təqdim edib.

Beynəlxalq hakimlər heyətinin qərarına əsasən, Azərbaycan Milli Kulinariya Komandası  “Bufet menyusu” kateqoriyası üzrə Yaxın Şərq, Cənub-Şərqi Asiya və Afrika regionlarının ən güclü komandaları arasında 2-ci yeri tutaraq gümüş trofey əldə edib. Qeyd  edək ki, yarışmada bu ali mükafata cəmi iki ölkə layiq görülüb.

Çempionatın digər kateqoriyaları üzrə fərdi qruplarda isə azərbaycanlı kulinarlar Leyla Vəliyeva, Cəlal Məmmədov və Kənan Balaşov bürünc medal qazanıblar. Bundan əlavə, çempionat çərçivəsində beynəlxalq hakim qismində çıxış edən Orxan Muxtarov kulinariya sahəsinin ən ali rütbələrindən birinə - “Chaîne des Rôtisseura” layiq görülüb.

Qeyd edək ki, ölkəmizin əsas turizm bazarlarından olan BƏƏ-də keçirilən çempionat çərçivəsində təşkil olunan sərgidə Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın qastronomiya destinasiyasını tanıdan stendi qurulub. Stenddə Azərbaycanın əlverişli  iqliminin nəticəsində əldə olunan biomüxtəliflik nümunələri təqdim edilib.