Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 157 ölkəsindən 368,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 49,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən xəbərə görə, gələnlərin 32,3 faizi Rusiya Federasiyası, 21,5 faizi Türkiyə, 9,1 faizi İran, 5,6 faizi Gürcüstan, 4,2 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, hər birindən 1,7 faiz olmaqla Səudiyyə Ərəbistanı və Özbəkistan, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,4 faizi Küveyt, 1,3 faizi Türkmənistan, 10,8 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 76,9 faizini kişilər, 23,1 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 5,4 dəfə, Türkmənistandan - 4,2 dəfə, Özbəkistandan - 4,1 dəfə, Çindən - 3,6 dəfə, Belarusdan - 3,4 dəfə, Qazaxıstandan - 2,3 dəfə, Pakistandan - 2,0 dəfə, Rusiya Federasiyasından - 1,8 dəfə, İsraildən - 1,7 dəfə, ABŞ-dan - 1,5 dəfə, Gürcüstandan - 45,2 faiz, Böyük Britaniyadan - 40,6 faiz, Omandan - 38,5 faiz, Küveytdən - 32,4 faiz, Türkiyədən - 30,2 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 28,0 faiz artıb.
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 151,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,1 faiz artaraq 15,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5 faiz artaraq 59,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,2 faizi hava, 35,3 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 20,2 faiz artaraq 358,6 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 46,6 faiz, Gürcüstana gedənlərin sayı 44,6 faiz, Türkiyəyə gedənlərin sayı 6,4 faiz artıb, İrana gedənlərin sayı isə 25,4 faiz azalıb. Ölkə vətəndaşlarının 39,4 faizi Türkiyəyə, 22,9 faizi Rusiya Federasiyasına, 9,6 faizi Gürcüstana, 8,0 faizi İrana, 20,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil edib.
2023-cü ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,4 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.