TURİZM

04 Aprel

Azərbaycan növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək - FOTO

Avropa Parodontologiya Federasiyasının “Perio Master Clinic” konfransı 2026-cı ildə Bakıda keçiriləcək.

Fins.az xəbər verir ki, bu haqda qərar aprelin 1-də Danimarkanın Helsingor şəhərində keçirilən Avropa Parodontologiya Federasiyasının Baş Assambleyasında təşkilata üzv olan Avropa ölkələrinin gizli səsverməsi nəticəsində qəbul edilib.

Konfransda ölkəmizi Azərbaycan Turizm Bürosunun dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli təmsil edib və o, Bakı şəhərinin işgüzar tədbirlər üzrə potensialı ilə bağlı təqdimatla çıxış edib.

Tədbirin sonunda konfransın 2026-cı ilin 6-7 mart tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi səs çoxluğu ilə təsdiq edilib.

Konfransın sədrlik Cavid Əhmədbəyliyə, elmi komitənin sədri vəzifəsi isə İspaniyanın Madrid Komplutense Universitetinin professoru Mariano Sanza həvalə edilib.

Konfrans mindən çox beynəlxalq iştirakçını Azərbaycana cəlb edəcək.

Qeyd edək ki, “Perio Master Clinic” konfransına ev sahibliyi etmək uğrunda mübarizə Bakı və Finlandiyanın Helsinki şəhərləri arasında bir ilə yaxındır davam edirdi.

Xatırladaq ki, ölkəmizin işgüzar turizm imkanlarını tanıtmaqla irirmiqyaslı beynəlxalq səviyyəli tədbirlərin Azərbaycana cəlb edilməsinə nail olmaq, ölkənin işgüzar turizm nüfuzunu gücləndirmək Azərbaycan Turizm Bürosunun məqsədlərindəndir.

1991-ci ildə təsis edilən və Avropada 16 minə yaxın ağız boşluğu sağlamlığı mütəxəssislərinin və alimlərinin üzv olduğu 37 milli parodontologiya cəmiyyətini özündə cəmləşdirən Avropa Parodontologya Federasiyası tibbin parodontologiya sahəsi üzrə elmi və diş əti sağlamlığının əhəmiyyətini təbliğ edən, əsas şüarı “Daha yaxşı həyat üçün sağlam diş əti” olan nüfuzlu beynəlxalq təşkilatdır.

Avropa Parodontologiya Federasiyasının 2017-2022-ci illərdə assosiativ üzvü, 2022-ci ildən indiyədək tamhüquqlu üzvü olan Azərbaycan Parodontologiya Cəmiyyətinin məqsədi ölkəmizdə parodontologiyanın inkişafına yardım etmək, həkimlərə və ictimaiyyətə dişlər və implantlar ətrafında diş əti sağlamlığının qorunub saxlanması və diş əti xəstəliklərinin ciddiyyəti, bu xəstəliklərin müasir biliklərə əsaslandırılmış erkən diaqnostikası və müalicəsinin əhəmiyyətini gündəmə gətirməkdən ibarətdir.