Dünən Hindistanın Bakıdakı Səfirliyi, iki ölkə arasında turizm sektorunda işgüzar əməkdaşlıq potensialını araşdırmaq məqsədilə Azərbaycan və Hindistan tur operatorların və turizm agentliklərinin nümayəndələrinin iştirakı ilə hibrid rejimdə Hindistan-Azərbaycan İşgüzar Görüşünü təşkil edib.
Fins.az-ın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən tur operatorların və turizm agentliklərinin nümayəndələri, eləcə də, mətbuat nümayəndələri tədbirə qatılmaq üçün yerli otellərin birində toplaşmış, hindistanlı həmkarları isə tədbirə virtual rejimdə qoşulublar.
Tədbirdə açılış nitqi ilə çıxış edən Hindistanın Bakıdakı müvəqqəti işlər vəkili cənab Vinay Kumar bütün iştirakçıları salamlayaraq, Hindistan turizminin təşviqi üzrə interaktiv görüşə qoşulduğu üçün onlara öz təşəkkürünü bildirib. O, fürsətdən istifadə edərək, görüşə onlayn qoşulan şəxslərə, o cümlədən STIC səyahət qrupunun sədri və icraçı direktoru Dr. Subhas Qoyala, Hindistan Tur Operatorları Assosiasiyasının prezidenti cənab Rajiv Mehraya, “Zeal Global” şirkətinin sədri cənab Vişal Şarmaya və başqalarına xüsusi minnətdarlığını bildirib. O, həmçinin qeyd edib ki, Bakı ilə Dehli arasında birbaşa uçuşlar həftədə üç dəfəyədək artırılmaqla, aprelin ilk həftəsindən bərpa olunur. O, iştirakçıları Ecazkar Hindistanı kəşf etmək üçün bu fürsəti əldən verməməyə və Hindistana cəlbedici turizm paketləri təşkil etməyə çağırıb.
Hindistan Səfirliyinin ikinci katibi cənab Ajay Kumar Pandey və hindistanlı iştirakçılar Hindistanın turizm potensialı, gözəl turistik məkanları və Hindistana gələn əcnəbi turistlər üçün yaradılan imkanlar barədə təqdimatlar ediblər.
Tədbir zamanı Azərbaycan Turizm Bürosunun, Cənubi Asiya turizm bazarları üzrə əməkdaşı Elman Məmmədov və “Flame Tours DMC” şirkətinin satış və marketinq üzrə direktoru Fərid Hüseynov turizm sektorunda ikitərəfli əməkdaşlığa dair təqdimatlarla çıxış ediblər.
Tədbirdə çıxış edən Hindistanın “STIC Travel və Air Charters” Qrupunun sədri cənab Subhas Qoyal bildirib ki, B2B görüş iki ölkə arasında turizm axınının artırılması və ölkələrin bir-birinin mədəni irsi ilə tanışlığı baxımından çox faydalıdır.
Daha sonra tədbirin sual-cavab hissəsində Hindistan və Azərbaycan tur operatorları və turizm şirkətləri arasında turizmlə bağlı səmərəli müzakirələr aparılıb.
Fuad Mədətov
Fins.Az