TURİZM

02 Fevral

Küveytlə Azərbaycan arasında turizm əlaqələrinin inkişafı müzakirə edilib

Küveytlə Azərbaycan arasında turizm münasibətlərinin inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin sayının artırılması Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Küveyt Dövlətinin Azərbaycandakı səfiri Abdullah Məhəmməd Abdullah Almauid arasında fevralın 2-də keçirilən görüşdə müzakirə olunub.

DTA-dan Fins.Az-a verilən məlumata görə, görüşdə Fuad Nağıyev Azərbaycanla Küveyt arasında turizm əlaqələrinin inkişaf etməkdə olduğunu, 2022-ci il ərzində Küveyt Dövlətindən ölkəmizə səfər edən vətəndaşların sayının 22 min nəfərdən çox təşkil etdiyini və bu rəqəmin bu il daha da artmasına ümid etdiyini bildirib.

Fuad Nağıyev bildirib ki, 2020-ci ildə Ali Baş Komandanın rəhərliyi ilə Şanlı Ordumuzun Vətən müharibəsindəki qalibiyyətindən sonra Qarabağın turizm potensialının qiymətləndirilməsi və yeni turizm destinasiyası kimi inkişaf etdirilməsi Dövlət Turizm Agentliyi qarşısında qoyulan əsas vəzifələrdən birdir. O, Qarabağa və ölkənin turizm potensialı yüksək olan digər ərazilərinə investisiya qoyuluşu üçün əlverişli mühitin mövcudluğunu diqqətə çatdırıb.

Səfir Abdullah Məhəmməd Abdullah Almauid siyasi əlaqələrin inkişafının turizm əlaqələrinin də genişləndirilməsinə töhfə verdiyini qeyd edərək, yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın gücləndirilməsinin vacibliyinə toxunub.

O, iki ölkə arasında ortaq dəyərlərin, ölkəmizdə inkişaf etmiş turizm infrastrukturunun mövcudluğunun, həmçinin  Azərbaycanın təhlükəsiz və ailəvi turizm destinasiyası kimi üstünlüklərə malik olmasının ölkəyə səfər edən Küveyt vətəndaşlarının sayının artmasına təsir etdiyini bildirib.  

Görüşdə Azərbaycana səyahəti asanlaşdıracaq prosedurlar, hazırda həyata keçirilən birbaşa uçuşların sayının artırılması, çarter reyslərinin təşkil edilməsi kimi mövzular barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Bakıdan Küveytin Əl-Küveyt şəhərinə “Kuwait Airways” və “Jazeera Airways” hava yolları vasitəsilə həftədə 7 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir. Küveyt vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur.