“Azərbaycan və Xorvatiya arasında turizm sahəsində əməkdaşlıq nou-haunun və Xorvatiyanın təcrübəsinin ötürülməsi ilə də mümkündür”.
Fins.az xəbər verir ki, bunu “Report”a müsahibəsində Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç deyib.
Onun sözlərinə görə, turizm səfirliyin 2023-cü il üçün prioritetləri sırasındadır:
“4 il əvvəl artıq bu məsələ üzərində fəal işləyirdim və nəhayət, müsbət nəticələr gözlənilən zaman COVID-19 pandemiyası başladı və bütün işlər dayandırıldı. Amma ötən ilin sonunda Xorvatiya Turizm Şurasının nümayəndələri Bakıda olublar və bu il üçün əməkdaşlıq planının hazırlanması üçün bir neçə görüş keçiriblər”.
Səfir bu il turizm sahəsində əməkdaşlığın bərpa olunacağına ümid etdiyini söyləyiob: “Bu, həm də bu yay Xorvatiyanın müxtəlif bölgələrinə birbaşa çarter reyslərinin təşkili deməkdir. O zaman ölkələrimiz arasında turist axını indikindən qat-qat çox olacaq”.
Branko Zebiç Xorvatiyanın məşhur turizm istiqamətlərindən olduğunu və hər il ölkəni 20 milyona yaxın turistin ziyarət etdiyini nəzərə çatdırıb: “Bilirəm ki, Azərbaycan da turizmi inkişaf etdirməyə çalışır, xüsusilə işğaldan azad edilmiş ərazilərdə. Ona görə də bu sektor əməkdaşlıq potensialına malik sahələrdən birinə və hökumətlərarası komissiyanın vəzifələri sırasında mühüm istiqamətə çevrilə bilər”.