TURİZM

16 Yanvar

Dövlət Turizm Agentliyi: İki regional turizm şurasının yaradılması nəzərdə tutulub

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən “Turizm sektorunun davamlı inkişafını təmin etmək üçün strateji, institusional və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi” fəaliyyəti üzrə ən azı 2 regional turizm şurasının yaradılması nəzərdə tutulub.

Fins.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, regional turizm şuralarının yaradılmasında əsas məqsəd turizm sektoru iştirakçılarının fəaliyyətinin mütəmadi dialoq formasında əlaqələndirilməsi mexanizminin qurulması, regional səviyyədə turizmin inkişafı ilə əlaqədar bütün tərəfləri bir araya gətirmək, əlaqələndirmək və mövcud resursları regional səviyyədə turizm inkişafına səfərbər etməkdir.

“Hazırda regional turizm şuralarının yaradılması üçün nümunəvi əsasnamə üzrə normativ sənəd layihəsi üzərində iş aparılır. Normativ sənəd qəbul olunduqdan sonra seçilmiş regionlar üzrə regional turizm şuralarının yaradılmasına başlanacaq”,- deyə məlumatda vurğulanır.