2022-ci ilin oktyabr ayında Azərbaycanın beynəlxalq hava limanları 507 min sərnişinə xidmət göstərib. Ümumilikdə, cari ilin 10 ayı ərzində bu göstərici 4,4 milyon nəfəri ötüb.
"Fins.az" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun payına 429 min sərnişin düşür ki, bunun da 370 min nəfərini beynəlxalq reyslərin sərnişinləri təşkil edir.
AZAL və “Buta Airways” aviaşirkətləri oktyabr ayı ərzində 105 min sərnişinə və beynəlxalq reyslər üzrə 58 min sərnişinə xidmət göstərmişdilər. Bu, beynəlxalq daşımaların ümumi sayının 38% təşkil edir.
2022-ci ilin oktyabr ayında 27 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm reyslər yerinə yetirmişdir. AZAL və “Buta Airways” aviaşirkətlərini nəzərə almadan, ən çox sərnişin “Aeroflot”, “Turkish Airlines”, “Utair”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınmışdır.
Oktyabr ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Ankara, Daşkənd, Ciddə, Təl-Əviv və Şarja şəhərləri daxil olmuşdur. Ümumilikdə bu istiqamətlər üzrə 252 min sərnişinə xidmət göstərilmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.
Cari ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards” Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.
Bundan əlavə "Skytrax" tərəfindən Bakı hava limanını ən yüksək "5 ulduz" reytinqinə, həmçinin COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görülüb.