Azərbaycanla Türkiyə arasında turizm sahəsində birgə layihələrin hazırlanması, əməkdaşlıq imkanlarının artırılması, turizm sənayesi nümayəndələri üçün tanıtım məqsədli infoturların təşkili müzakirə edilib.
Bu barədə sentyabrın 27-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov və Dövlət Turizm Agentliyi (DTA) sədrinin müşaviri Kənan Quluzadə Türkiyəyə işgüzar səfəri çərçivəsində Türkiyə Turizm Təşfiqat və İnkişaf Agentliyinin (TGA) Baş direktoru Yalçın Loğmanhəkimlə görüşdə qeyd edilib.
Görüşdə B2B (biznesdən-biznesə) formatlı görüşlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda Azərbaycan Turizm Bürosu ilə Türkiyə Turizm Təşfiqat və İnkişaf Agentliyi arasında birgə iş birliyinin genişləndirilməsi və turizm yönümlü tədbirlərin təşkili müzakirə olunub.
Görüş çərçivəsində Yalçın Loğmanhəkimə Azərbaycanın turizm potensialı, ölkənin yay-qış turizm mərkəzlərinin imkanları və mövcud turizm məhsulları haqqında ətraflı məlumat verilib.
TGA-nın Baş direktoru rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlıqda hər zaman maraqlı olduğunu, bundan sonra da iki qardaş ölkənin turizm sahəsində inkişafına dəstək olacağını bildirib.
Sentyabrın 27-də ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov həmçinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin İstanbul şəhəri üzrə direktoru Çoşkun Yılmaz ilə də görüşüb.
Müzakirələr zamanı Bakı ilə İstanbul şəhərləri arasında turizm əlaqələrinin inkişafı, turistik səfərlərin və aviareyslərin sayının artırılması, turizm məhsullarının qarşılıqlı tanıdılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Göydəniz Qəhrəmanov Çoşkun Yılmazı əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Bakıya dəvət edib.