Rusiyada qismən səfərbərlik elan olunandan sonra xarici ölkələrə axın edən Rusiya vətəndaşları arasında Azərbaycanı seçənlər də var. Doğrudur, ölkəmizin quru sərhədləri hələ də bağlı olduğundan Rusiyadan Azərbaycana əsasən hava yolu ilə gəlirlər. Artıq paytaxt Bakıda tez-tez Rusiya vətəndaşlarına rast gəlmək olur. Bəs bu şəxslər hansı məkanlarda yaşamağa üstünlük verirlər? Hazırda paytaxt Bakıda olan hotellərin bir çoxunun Rusiya vətəndaşları tərəfindən bron edilməsi ilə bağlı xəbərlər yayılır.
Hotellər bu axının öhdəsindən hansı səviyyədə gələ biləcəklər?
Mövzu ilə əlaqədar açıqlama verən Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi bu faktı təsdiqləyib:
“Rusiyada qismən səfərbərliyin elan edilməsi ilə və ümumiyyətlə, münaqişə ilə əlaqədar olaraq bu ölkədən xaricə vətəndaşların axını müşahidə edilir. Vətəndaşlar əsasən vizasız rejimi olan ölkələrə daha çox üz tuturlar. Səbəblər müxtəlifdir - kimsə çağırışdan boyun qaçırır, özünü pasifist hesab edir, kimsə sosial-iqtisadi vəziyyətlə əlaqədar olaraq biznesini digər ölkəyə köçürür, digərləri gələcəyə inamlarını itirdiklərindən ölkədən çıxmaq istəyirlər və s.
Azərbaycana da Rusiya vətəndaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın axını müşahidə olunur.
Bununla əlaqədar hava nəqliyyatında qiymət artımı baş versə də, hotellərin qiymətlərində hələ ki, artım müşahidə edilmir. Yalnız icarəyə verilən mənzil fondunun aktivləşməsi baş verib, təklif olunan mənzillər bir qədər bahalaşıb”.
S.Dübəndi hazırda yaşananların turizm sektoruna təsiri haqqında da fikrini bildirib:
“Düşünürəm ki, hazırda bu amil turizmə müsbət təsir göstərməyəcək. Yalnız tədricən ölkədə Rusiya diasporu artacaq, rusiyalılar ölkəmizi daha da yaxından tanıyacaqlar. Bununla əlaqədar ölkəyə köçən insanların yanına, onların tövsiyələri ilə gələnlərin sayı artacaq. Bütün bunların baş verməsi iqtisadi-siyasi amillərdən, ölkələr arasındakı gələcək əlaqələrdən və burada qonaqlara göstərilən münasibətdən asılı olacaq.
Qeyd etmək istərdim ki, Azərbaycan üçün gəlmə turizmində hədəf ölkələr sırasında Rusiya da yer tutur, amma bu ölkədə son dövrlərdə sistemli işlər zəif olub. Bunun da müxtəlif səbəbləri var.
Hesab edirəm ki, hazırda baş verənlərin turizm sektoruna aidiyyəti yoxdur, amma ölkəyə gələn, burada özünə müvəqqəti və yaxud daimi yaşayış imkanları, iş, biznes və sair şəraitləri araşdıranlara, qismən də olsa, ölkə ərazisində turizm xidmətlərindən istifadə edənlərə olacaq”.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycana Rusiyadan 263 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 70% çoxdur.
(c)report