TURİZM

12 Sentyabr

Ötən il mehmanxanalarda 1 milyona yaxın şəxs yerləşdirilib

2021-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 1 milyona yaxın olub.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, ki, bu da əvvəlki illə müqayisədə 75% artım deməkdir.

Onu da qeyd etmək lazımdır ki, bu nəticə 2019-cu illə müqayisədə 65% daha aşağıdır. Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilən şəxslərin ümumi sayında Azərbaycan vətəndaşlarının payı 77%-ə yüksəlib.

"Buna səbəb olaraq beynəlxalq səyahət məhdudiyyətlərini, uçuş qiymətlərinin artmasını və əcnəbi turistlərin sağlamlıqla bağlı risklərini göstərmək olar. 2021-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələyən əcnəbilərin 84%-i Bakıda qeydə alınıb. Bu göstərici üzrə ikinci sırada dayanan Qəbələ şəhərinin hotellərində gecələyən əcnəbi vətəndaşlar ölkədə gecələyən bütün əcnəbilərin 5%-ni təşkil edir. Azərbaycan vətəndaşları əsasən Bakı (46%), Qəbələ (8%) və Quba (7%) kimi şəhərlərdə gecələmə məqsədilə mehmanxana və mehmanxana tipli müəssisələrdən istifadə ediblər. Dövlət Statistika Komitəsinin məlumatına görə 2021-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdiyi gəlir əvvəlki illə müqayisədə 80% artaraq 210 milyon manat təşkil edib. Qusar istisna olmaqla, regionlarda yerləşən bütün mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirlərində artım müşahidə olunub. Mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirlərinin 61%-i Bakı şəhərinin payına düşür. Növbəti ən böyük pay Qəbələ (9%) və Quba (4%) şəhərlərinə məxsusdur. Ölkə üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri ən çox otaq satışı və iaşə xidmətlərindən müvafiq olaraq 60% və 29% əldə olunub. Bu bölgü şəhərlər üzrə baxdıqda da oxşar nəticələri əks etdirir. Naftalan və Lənkəran şəhərlərində yerləşən mehmanxana və mehmanxana tipli müəssisələr gəlirlərinin əksər hissəsini iaşə xidmətlərindən əldə edir".