TURİZM

18 Avqust

Dənizkənarı Milli Parkda Qazaxıstanın turizm imkanları nümayiş olunur

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi çərçivəsində Dənizkənarı Milli Parkda qazax yurtası quraşdırılıb.

Fins.az  xəbər verir ki, aksiyada Qazaxıstanın Türkistan və Almatı vilayətlərinin turizm potensialı təqdim olunur. Ölkənin müasir istirahət mərkəzləri, tarixi və adət-ənənələri, “Qazaxıstan” mehmanxanası, “Şımbulak” dağ-xizək kurortu, “Air Astana” aviaşirkəti, “Baykonur” kosmodromu, “Kıran” milli şahin ovu mərkəzi və digər turizm məkanları tarixiliyi və gözəlliyi ilə ziyarətçiləri özünə cəlb edir.

“Discover Almaty” turoperatorun direktoru Aleksandr Aqnazarov aksiyanın məqsədi haqqında deyib: “Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyilə Bakıya gəlmişik. Yurtada qazaxların adət-ənənələri, tarixi abidələri, musiqisi və turistik məkanları barədə məlumat veririk. Qazaxıstan ərazisinə görə dünyada 9-ci yerdə durur. Ölkəmizin dağları, çayları, dəniz və gölləri, təbiət qoruqları müxtəlif zövqlü turistlərə xoş gələn destinasiyalardır. Məqsədimiz iki qardaş xalq arasında mədəni əlaqələri möhkəmləndirməkdir”.

Almatı vilayətinin təmsilçisi Medet Niyaz Qazaxıstanın dünyada ən gözəl guşələrindən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, Almatı vilayəti bir neçə iqlim qurşağı ilə əhatələnib. Burada subarktik iqlimdən başlanmış səhraya qədər iqlim tiplərinə rast gəlmək olar. Ziyarətçilər stenddə nümayiş olunan “Jetısu mirvarisi” kitabını vərəqlədikdən sonra Almatının nə qədər heyrətamiz bir bölgə olduğuna əmin olacaqlar.

Türkistan vilayəti barədə ziyarətçilərə məlumat verən Abay Coukibay təmsil etdiyi vilayətin böyük “İpək yolu”nun üstündə yerləşdiyini deyib. Onun dediyinə görə, Türkistan vilayətində yerləşən Türkistan və Utrar şəhərlərindəki qədim tikililər orta əsrlərdən bəri toxunulmaz şəkildə qalıb. Şərqlə Qərbi birləşdirən böyük “İpək yolu” müxtəlif xalqları bir-birlərinə yaxınlaşdırıb, onların arasında mədəni əlaqələrin yaranmasına səbəb olub. Tükistan vilayəti məşhur abidələri ilə tanınır. Burada 1700-dən çox tarixi abidə və bir dünya əhəmiyyətli “Xoja Ahmad Yassaviy” məqbərəsi yerləşir.

Türkmənistandan Bakıya gələn Laçina Adjarova Qazaxıstan haqqında təəssüratlarını bizimlə bölüşüb: “Çox istərdim Qazaxıstana səfər edim. Bu ölkə məni daha çox toxunulmaz təbiəti ilə cəlb edir. İnsanları çox mehribandır. Nəzərə alsaq ki, mədəniyyətimizin kökü birdir, mən Qazaxıstanı özümə doğma bir ölkə hesab edirəm”.

Qeyd edək ki, aksiya çərçivəsində Almatı və Şımkent şəhərlərinin, eyni zamanda Almatı, Türkistan və Manqıstan vilayətlərinin turizm imkanları nümayiş etdirilir, mədəni, konsert və əyləncə proqramları təşkil olunur.

Aksiya avqustun 31-dək davam edəcək.