TURİZM

17 Avqust

Gədəbəyə altı ayda 35 mindən çox turist gəlib - turistlər kirayə evlərə üstünlük verirlər

Gədəbəy rayonu ölkəmizin zəngin turizm potensialına malik rayonlarından biridir. Bura ən çox yay mövsümündə yerli və xarici turistlər üz tuturlar. Hazırda yay fəsli olduğundan bölgələrə səfər edənlər də çoxdur.

İstirahətini öncədən planlaşdıran hər kəs çalışır ki, yay mövsümündən səmərəli faydalansın. Bunun üçün bəziləri yaxın əraziləri, bəziləri isə uzağa səyahət etməyi xoşlayır. Gədəbəy rayonu ərazisində istirahət məkanları, eləcə də tarixi məkanların sayı isə yetərincədir.

Rayonda 6 istiqamət üzrə atla gəzinti marşrutu müəyyən edilib. Avtomobillə, yaxud da piyada gəzintini sevənlər üçün də turizm marşrutu təşkil olunub. Evlərini kirayə verənlər də az deyil.

Rayona gələnlərin əksəriyyəti yerli turistlərdir. Xüsusilə də yaxın ərazilərdən bura üz tutanlar çoxdur. Paytaxt Bakıdan, Sumqayıtdan və digər şəhərlərdən də qonaqlar gəlir.

“İstirahət mövsümü havanın yağıntılı keçməsi ilə əlaqədar təxminən bir ay gec başladı. Gədəbəyin çox gözəl zəngin təbiəti var. Turizm üçün gözəl yerdir. Mənə elə gəlir ki, istirahət üçün qalanda kirayə evlər daha sərfəlidir. Otellər də var, yaxşıdır, münasib qiymətədir, gəlməyə dəyər. Düzdür, günlük bir az baha başa gəlir, amma həftəlik kirayə ev tutmaq sərfəlidir. Qiyməti günlük olaraq 20-30 manat arası dəyişir. Otellər 50 manata qədərdir” - deyə, ailəsi ilə Gədəbəyə istirahətə gələn Elmir Kazımov bildirib.

Sərin bulaqlar, şəlalələr, mənzərəli dağ-dərələr Gədəbəydə kifayət qədərdir. Elə qonaqlar da bu cür gözəl məkanları seçir. “Gərgin, yorğun iş günlərindən sonra kollektivlə birgə təbiətin qoynuna çıxmağı qərara aldıq. Bunun üçün Gədəbəyi seçdik. Dağların qoynunda olan Gədəbəyin təbiətini daha təmiz hesab etdiyimiz üçün buraya üz tutduq” – deyə, müəllim kollektivi ilə istirahətə gələn İnarə Bayramova əlavə edib.

Gədəbəydə havaların yaz sonu və yayın əvvəllərində qeyri-sabit keçməsi turistlərin istirahət məkanlarına üz tutmasını müəyyən qədər ləngitsə də, artıq rayona gələnlərin sayı tədricən artır. Bu barədə məlumat verən Gədəbəy Rayon İcra Hakimiyyətinin rəsmisi Qədir Bağırov deyib ki, mövsümlə əlaqədar yağış, dolu, hava dəyişkənliyi turizm mövsümünün gecikməsinə səbəb oldu: “Buna baxmayaraq rayonumuzda fəaliyyət göstərən 11-ə yaxın oteldə yerlər kifayət qədər dolu olurdu. Kirayə evlər də var, həmin evlər əvvəlcədən vətəndaşlar və ev sahibi arasında sövdələşmə əsasında bron olunur”.

Qeyd edək ki, Gədəbəy rayonu ərazisində 500-dən çox tarixi abidə var. Rayona gələn turist sayı isə cari ilin altı ayı ərzində 35 mindən çox olub.

© azərtac