TURİZM

19 İyul

Kənd həyatı: şəhər mühitindən uzaqlaşaraq harada dincəlmək olar?

Şəhər mühitindən uzaqlaşmaqla kənd həyatının üstünlüklərini kəşf etmək istəyənlər üçün ölkəmizin müxtəlif bölgələrində yerləşən məkanlar haqqında məlumat təqdim edir.

Hope Lake təsərrüfatı Zaqatalanın Qazangül qəsəbəsində yerləşir. Burada turistlərin qidalanması üçün restoran və gecələməsi üçün 6 kottec mövcuddur. Bu məkanda verilən qidaların çoxu ərazidə istehsal olunur. Təsərrüfatda inəklərdən ət və süd məhsullarının, yağın alınması prosesləri qonaqlara təqdim olunur. Həmçinin turistlərə göldəki balıqlardan tutmaq və bişirmək imkanı da verilir.

Qiymət: təsərrüfata səyahət – 5 AZN, bir gün qonaq evində gecələmə – 70 AZN.

İsmayıllının Təzəkənd kəndində yerləşən Lakeside Garden təsərrüfatında turistlər meşəyə səyahət etmək, mövsümi meyvələrin yığımında iştirak etmək, haykinqlə məşğul olmaq və meşədə piknik etmək imkanı əldə edəcəklər. Qonaqlar yaxınlıqdakı Vəlbinə gölünə də gedə bilərlər. Həmçinin turistlər burada mürəbbə, kompot, müxtəlif turşular və digər kənd məhsulları ala bilərlər. Qonaqlara çadırlarda gecələmə imkanı da verilir.

Qiymət: təsərrüfata səyahət – 5 AZN, bir gün qonaq evində gecələmə (səhər yeməyi daxil) – 50 AZN.

Citrus Valley subtropik və sitrus meyvələrindən ibarət təsərrüfat sahəsidir. Lənkəranın İstisu qəsəbəsində yerləşən təsərrüfatda kivi turşusu, kivi mürəbbəsi, feyxoa cemi, ləvəngi, çölməy kababı, tərə və digər regional mətbəxə məxsus qidalara üstünlük verilir. Gələn turistlərə master klasların nümayişi xidməti də təklif edilir.

Qiymət: təsərrüfata səyahət – 8 AZN.

Khinalig Adventure adlı təsərrüfatda turistlər yerli insanların həyat tərzi ilə yaxından tanış ola bilərlər. Qubanın Xınalıq kəndində yerləşən məkanda 2 muzey, atəşgah məbədi, şəlalə, piknik və kampinq üçün şərait var. Qonaqlar Xınalıq kəndindəki Tarix Etnoqrafiya muzeyinə ekskursiya etmək imkanı əldə edəcəklər.

Qiymət: təsərrüfata səyahət – 5 AZN, bir gün qonaq evində gecələmə – 30 AZN.

Qəbələ rayonunun Kötüklü kəndində fəaliyyət göstərən Tofiqoğlu Bal təsərrüfatında turistlərə arıçılıqla bağlı bir çox proseslər əyani şəkildə nümayiş etdirilir. Qonaqlar məhsulları həm dada, həm də ala biləcəklər. Sözügedən təsərrüfatda fındıq, qoz, şabalıd, alma və digər meyvələr də yetişdirilir.

Qiymət: təsərrüfata səyahət – 7 AZN, bir gün qonaq evində gecələmə – 40 AZN.

Bio Garden təsərrüfatı Şəkinin Öryət kəndində yerləşir. Burada həm yerli, həm də Avropa və dünyanın bir çox ölkələrində becərilən bitkilər yetişdirilir. Təsərrüfatda qırqovul, ördək və toyuq kimi ev quşlarının müxtəlif cinsləri, Kaliforniyadan gətirilmiş dovşan növləri saxlanılır. Turistlər bağda istirahət edə, balıqçılıqla məşğul ola, restoranda balıq və toyuq məhsullarından hazırlanmış yeməklərə və çay süfrəsinə qonaq ola bilərlər.

Qiymət: təsərrüfata səyahət – 5 AZN, xarici turistlər üçün – 8 AZN.

Mənbə: //tovillage.az