TURİZM

23 May

Birbaşa aviareyslər Azərbaycanı və Çernoqoriyanı yenidən birləşdirəcək

“Azərbaycan Hava Yolları” aviaşirkəti turoperator PAŞA Travel ilə birgə yenidən Çernoqoriyaya çarter reyslərinin yerinə yetirilməsinə başlayacaq.

AZAL və PASHA Travel 2022-ci ilin yay uçuş cədvəli çərçivəsində Çernoqoriyaya çarter proqramının bərpası barədə razılığa gəlib. Belə ki, iyunun 30-dan sentyabrın 1-dək Bakı - Tivat-Bakı marşrutu üzrə reyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.

Çernoqoriyanın müasir kurort şəhəri olan Tivat Vrmas yarımadasında Boka-Kotor körfəzinin sahilində yerləşir. Tivat Beynəlxalq Hava Limanı - Çernoqoriya sahilində yeganə hava limanıdır və onun ən məşhur kurortları yaxınlığında yerləşir.

Bu istiqamətin əsas üstünlüklərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.

Bakı-Tivat-Bakı marşrutu üzrə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür. Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalalar daxildir.

Çernoqoriyaya turizm paketləri həmçinin Azərbaycanın bütün turizm agentliklərində satışa çıxarılır.