TURİZM

11 Aprel

Azərbaycan aeroportlarında sərnişin axını iki dəfə artıb

Bu ilin mart ayında Azərbaycanın beynəlxalq hava limanlarının xidmətlərindən 350 minə yaxın insan istifadə edib. Bu, bir il əvvəl eyni dövrlə müqayisədə təxminən iki dəfə çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən “Fins.az”a verilən xəbərə görə, ümumilikdə ilin əvvəlindən bütün aeroportlarda sərnişin axını 886 min nəfər təşkil edib. Onların əksəriyyəti Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə gələn və gedən sərnişinlərdir - onların payı 79%-dir.

İlin əvvəlindən Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” 279 min və 86 min sərnişinə xidmət göstərib ki, bu da müvafiq olaraq xidmət göstərilən sərnişinlərin ümumi payının 40%-ni və 12%-ni təşkil edir.

2022-ci ilin mart ayında 25 xarici aviaşirkət Bakı hava limanına müntəzəm uçuşlar həyata keçirib.

Mart ayında Bakıdan ən populyar 10 istiqamətlər sırasına İstanbul, Dubay, Moskva, Tbilisi, Ankara, İzmir, Аbu-Dabi, Frankfurt, Küveyt və Doha daxildir.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından Azərbaycanın və regionun ən böyük hava limanıdır. 2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək "5 ulduzlu" reytinqə layiq görülüb.