2021-ci ildə turizm sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, yeni turizm marşrutlarının yaradılması istiqamətində işlər davam etdirilib.
Bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatda deyilir.
Hesabatda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında dəyişiklik edilib, "Yuxarı Baş" Qoruğunda qeydiyyatda olan abidələrin siyahısına 58 abidə əlavə olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 1 iyul tarixli Qərarı ilə "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun Əsasnaməsi" təsdiq edilib.
Agentlik tərəfindən Xınalıq kəndinin "Ən yaxşı turizm kəndi” müsabiqəsində iştirak etməsi üçün Ümumdünya Turizm Təşkilatına müraciət ünvanlanıb. Müsabiqə nəticəsində Xınalıq kəndi 130 kənd içərisindən seçilərək, əlavə 20 kəndin də qalib olduğu təkmilləşdirmə proqramına daxil edilib. Bununla da, Xınalıq kəndi Ümumdünya Turizm Təşkilatının "Ən Yaxşı Turizm Kəndləri" şəbəkəsinə daxil olub.