TURİZM

17 Mart

Azərbaycanın turizm xidmətləri balansında ötən il 300 mln dollar kəsir yaranıb

2021-ci ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2020-ci illə müqayisədə 22,1 % azalaraq 900 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankdan bildiriblər.

Hesabat dövründə turizm xidmətləri üzrə idxalın dəyərinin (600 milyon dollar) ixracın dəyərini (300 milyon) üstələməsi nəticəsində 300 milyon dollarlıq kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16,3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 0,5 % azalıb.

Ötən il xarici ölkələr Azərbaycan rezidentlərinə 561,6 milyon dollarlıq turizm xidmətləri göstərib. Bunun 87 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

2021-ci ildə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 35,4 % azalaraq 18,7 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 29 % artaraq 961 milyon dollar olub.