TURİZM

03 Sentyabr

İşğaldan azad olunmuş ərazilərin bərpası daxili turizmi daha da inkişaf etdirəcək

Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə son səfəri zamanı mühüm binaların, abidələrin açılışı onu göstərdi ki, bu ərazilərin bərpası, inkişaf etdirilməsi ilə bağlı olan məsələlər ölkənin prioritetidir.

Bu sözləri iqtisadçı ekspert Elşad Məmmədov deyib.

Hesab edirəm ki, bütün bunlar, eyni zamanda, iqtisadi cəhətdən vacibdir. Belə ki, bu siyasət Azərbaycanda iqtisadi dividentlərin əldə olunmasına, iqtisadi resursların formalaşmasına və ölkə iqtisadiyyatına güclənməsinə müsbət təsir göstərməlidir. “Həmin bölgələrin inkişafı ölkə iqtisadiyyatının tarazlı inkişafına dəstək verməlidir və iqtisadiyyatın bir sıra istiqamətləri üzrə müsbət trendlərin formalaşmasına şərait yaratmalıdır. Bu trendlər içərisində turizmin inkişafını da nəzərə almalıyıq. Hesab edirəm ki, burada daxili turizmin inkişafı prioritet olmalıdır. Çünki həmin bölgələrə səfərlər ölkə əhalisi üçün həm rəmzi, həm siyasi cəhətdən böyük məna daşıyır. Sözsüz ki, bunun üçün turizm infrastrukturunun da yaradılmasına ehtiyac var və aidiyyəti dövlət qurumları bu istiqamətdə fəaliyyətini aktivləşdirməlidir”.

Ekspert qeyd edib ki, ölkə əhalisinin daxili turizmə üstünlük verməsi həm də iqtisadi məna daşıyır. Bu, valyutanın ölkədən çıxarılmasının qarşısını almaq üçün şərait formalaşdıra bilər və eyni zamanda, sosial-iqtisadi inkişafın tarazlı, dayanıqlı şəkildə reallaşdırılmasına öz müsbət təsirini göstərə bilər.

“Azərbaycanda regional iqtisadi-inkişaf prioritetə çevrilməlidir. Regionlarda yeni iş yerlərinin açılması, sosial infrastrukturun formalaşdırılması olduqca önəmlidir. Daxili turizm potensialının inkişafı ölkə iqtisadiyyatının dayanıqlılığına müsbət təsirini göstərməlidir”, - deyə E.Məmmədov vurğulayıb.