TURİZM

11 Avqust

Türkiyədə AZAL-ın sərnişin təyyarəsini hava boşluğundan çıxaran pilotlar mükafatlandırılıb

Bu gün “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin rəhbərliyi 10 min metrdən çox yüksəklikdə güclü turbulentlik zonasında təyyarənin idarə edilməsi zamanı peşəkar məharət göstərən aviaşirkət pilotları ilə görüş keçirib.

Bu barədə Fins.az-a AZAL-dan bildirilib.

Məlumata görə, avqustun 7-də İstanbuldan Bakıya hərəkət edən “Azərbaycan Hava Yolları” aviaşirkətinin Airbus A320 təyyarəsi Türkiyə səmasında güclü turbulentlik zonasına düşüb.

AZAL-ın prezidenti Cahangir Əsgərov güclü turbulentlik zamanı bacarıqlı hərəkətlərinə görə pilotlar Emin Babayevə, Elşən Sadıqbəyliyə və Məhəmməd Əliəsgərova təşəkkürünü bildirib və onlara qiymətli hədiyyələr təqdim edib.

"Pilotlar təyyarəni güclü turbulentlik zonasından çıxararaq vəziyyəti nəzarətə götürmüş və ştat rejimində uçuşu davam etdiriblər", - deyə Cahangir Əsgərov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın milli aviadaşıyıcısı uçuşların təhlükəsizliyinə və uçuş heyətinin peşəkar hazırlığına hər zaman böyük diqqət yetirir. Aviaşirkətin pilotları təyyarənin müxtəlif şəraitdə idarə olunması zamanı ekipajın hərəkətlərini keyfiyyətli məşq etməyə imkan verən aviatrenajorlarda daim hazırlıq keçirlər.

C. Əsgərovun qeyd etdiyi kimi, turbulentlik - demək olar ki, hər bir mülki aviasiya pilotunun üzləşdiyi tez-tez rast gəlinən təbiət hadisəsidir. Aydın səmada turbulentliyi (AST) əvvəlcədən müəyyən etmək mümkün deyil, lakin təyyarələr üçün heç bir təhlükəsi yoxdur.

Uçuş heyəti də onlara göstərilən diqqətə görə rəhbərliyə təşəkkür edərək, gələcəkdə də peşə bacarıqlarının təkmilləşdirilməsinə və uçuşların təhlükəsizliyinin təmin olunmasına davam edəcəklərini qeyd edib.